Ölkə prezidentinin Azərbaycan dili ilə bağlı növbəti sərəncamını çox vacib və təqdirəlayiq hesab edirəm. Doğrudan da, belə bir sərəncama ehtiyac vardı.
İstər elektron məkanda, istər virtual məkanda, istər də yazılı məkanda - mediamızda, qəzet və jurnallarımızda, ədəbiyyatımızda, efir məkanımızda Azərbaycan dilinin istifadə və işlənmə qaydaları, ədəbi normaları kobudcasına pozulmaqdadır. Bu məsələdə böyük bir xaos, sistemsizlik, özbaşınalıq var.
Bunu oxu.az-a açıqlamasında millət vəkili, şair Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, adıçəkilən məkanlarda, sahələrdə Azərbaycan dilinin qayda-qanunlarına bir sıra hallarda əməl olunmur.
“Kim necə istəyir, o cür də yazır, kim necə düşünür, o cür də danışır. Bu məsələni insanların kefinə buraxmaq olmaz.
Dil müqəddəsdir, bayraq, gerb, himn, ordu kimi ən vacib atributlardandır, milli kimlik və mənlik məsələrindəndir. Dilimizi şərəfimiz, namusumuz kimi qorumalıyıq.
Burada “mən necə istəyərəm, o cür də edərəm” kimi yanlış və zərərli yanaşmaya, tendensiyiya son qoyulmalıdır.
Əgər biz öz dilimizə sahiblik , onun qayda-qanunlarına riayət etməsək, o zaman əcnəbilərdən, digər millətlərin nümayəndələrindən nə gözləyə və ya nə tələb edə bilərik? Öncə özümüz, sonra da başqaları, yəni, el məsəlində deyildiyi kimi, “əvvəl evin içi, sonra çölü”...
Bəzən efirlərdə, mediada, ədəbiyyat nümunələri kimi təqdim olunan “əsərlər”də elə sözlərə, elə ifadələrə rast gələrsən ki, mat-məətəl, donub yerində qalırsan, deyirsən, İhahi, görəsən, bu, bizim dilimizdir?
Ayağı-başı bilinməyən söz, ifadə olarmı, onu haradan tapıblar, beləsinin əlinə kim qələm və ya mikrofon verib?
Ona görə hesab edirəm ki, Azərbaycan dili ilə bağlı verilən hər bir qərar, sərəncam olduqca vacibdir, təqdirəlayiqdir və onun da bütün şərtlərinə, müddəalarına əməl olunmalıdır.
Bu, hər bir kəsin, ələlxüsus, qələm əhlinin, yazarların, efir insanlarının, söz adamlarının borcudur”, - deyə millət vəkili əlavə edib.