"Əgər Avropada oturan "demokrat”lar konkret cinayət hadisəsini təbliğ edirlərsə, bu artıq onların həmin cinayət hadisəsinə mənəvi olaraq ortaq olduğunu göstərir”.
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Orduxan Teymurxan və digər təxribatçı qüvvələrin ölkəmiz əleyhinə çağırışlarına münasibət bildirərkən belə deyib.
Onun sözlərinə görə, bu onların mahiyyətini ifşa edir: "Bu aydın şəkildə göstərir ki, onlar hansı maraqlara xidmət edir və hansı sifarişləri icra edirlər. Çox təəssüf ki, bu gün Avropanın mərkəzində bir çox terror təşkilatları açıq şəkildə fəaliyyət göstərir. Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları Avropanın hüquq-mühafizə orqanları ilə ciddi müzakirələrə başlamalı və bu təxribatçıların ekstradisiyasına, ölkəyə gətirilməsinə nail olmalıdırlar. Bilirsiniz ki, qardaş Türkiyə uzun müddətdir bu problemdən əziyyət çəkir. Türkiyə və hətta Avropa Birliyinin özü tərəfindən terror təşkilatı kimi tanınan terror qruplaşmaları bu gün Avropada açıq fəaliyyət göstərirlər. Çox təəssüf ki, belə hallarla tez-tez rastlaşırıq”.
Soydaşlarımızı ayıq-sayıq olmağa çağıran millət vəkili hesab edir ki, hüquq- mühafizə orqanları bu məsələdə öz fəaliyyətini artırmalıdır: "Ölkə daxilində profilaktik tədbirlər gücləndirilməlidir ki, heç bir qüvvə terror fəaliyyəti göstərə bilməsin. Bu fəaliyyət var və daha da artırılmalıdır. Dövlətçilik üçün hər hansı təhlükənin baş verməməsi istər dövlət qurumları və hüquq-mühafizə orqanları, istəsə də ölkə vətəndaşları üçün hazırda prioritet məsələ olmalıdır”.