İyulun 4-5-də Xəzər dənizi Bakı buxtası Qum adasının 3-4 km2 olan sahilboyu dayaz akvatoriyasında kütləvi balıq ölümü müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, hadisənin səbəblərini araşdırmaq üçün nazirliyin və AMEA-nın Zoologiya İnstitunun Hidrobiologiya laboratoriyasının əməkdaşları əraziyə baxış keçirib.
Baxış zamanı balıqların sivriburun kefalın körpələri olduğu məlum olub. Nazirlik AMEA-nın əməkdaşları ilə birgə balıqların ölüm səbəbini aydınlaşdırmaq məqsədilə balıq və su nümunələri üzərində analizlər aparıb.
Balıq nümunələri üzərində aparılan ümumi bioloji, morfoloji və fizioloji analizlərin nəticələrinə görə götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.
Balıqların yaşadığı mühitdən götürülən su nümunələrinin fiziki-kimyəvi parametrləri üzərində də analizlər aparılıb.
Analizlərin nəticələrinə görə nümunələr götürülən günü balıqların yaşadığı mühitdə suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək (suda həll olmuş oksigenin miqdarı 1.5–4.0 mq/litrə-dək (norma-6 mq/litr)) azalması və balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmaması kefal balığı körpələrinin kütləvi tələfinə səbəb olub.
Qeyd edək ki, qeyri-optimal yaşama şəraiti daha həssas olan kefalın əsasən körpə balıqlarına təsir göstərib.