“Məktəb direktoru mənə dedi ki, bizim Azərbaycan sektorunda müəllimə ehtiyacımız yoxdur. İşçilərimiz rus bölməsi əvəzinə, vakant yerləri səhvən, Azərbaycan bölməsində çıxarıblar”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Nefçala rayonunun ucqar kəndində 10 ildir, müəllim olaraq çalışan Oqtay Babayev deyib. O, 2008-ci ildə təyinatla bu məktəbdə -Xolqarabucaq kənd orta məktəbində – çalışmağa göndərilib:
“3 ildən sonra iş yerimi dəyişmək üçün müraciətlər etməyə başladım. Ötən il diaqnostik qiymətləndirilmədə topladığım 52 balla Bakı Şəhər Qaradağ rayonundakı məktəblərdən birinə qəbul olundum. Həmin məktəbə sənədlərimi təqdim etməyə gedəndə direktor mənə dedi ki, bizim Azərbaycan sektorunda müəllimə ehtiyacımız yoxdur. İşçilərimiz rus bölməsi əvəzinə, vakant yerləri səhvən, Azərbaycan bölməsində çıxarıblar.
Məsələylə bağlı Təhsil Nazirliyinə müraciət etdim. Orada mənə yerlərin artıq verildiyini və haqqımı tələb etməli olduğumu dedilər. Sonra bu məktəbdən könüllü şəkildə imtina etdim. Bu il həmin balla yenidən yerdəyişməyə müraciət etsəm də, yenə də heç bir yerə düşmə bilmədim. Yaşayış yerimlə əlaqədar kənddən çıxmalıyam”.
Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilib. 6 minə yaxın müəllim yerdəyişmə ilə bağlı müraciət edib.
Qeyd edək ki, ümumitəhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərən və 3 ildən az müddətə işdən ayrılan, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak edən şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.