Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda mobil telefonun ölkə ərazisinə qanunsuz yolla dövlət sərhədindən buraxılış məntəqələrindən kənar gətirilməsinin qarşısı alınıb.
DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə, iyulun 29-da saat 23:50-də Gürcüstanla dövlət sərhədində Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Ehram çayında 1 ədəd qara sellofana sarılmış ağ rəngli çəlləyin çayın axını ilə ərazimizə daxil olması müşahidə edilib.
Sərhəd naryadı tərəfindən sudan çıxarılmış həmin çəlləkdə ümumi dəyəri təqribən 4500 manat təşkil edən 92 ədəd “X-nova” markalı mobil telefon aşkar olunub.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.