Bakıda, eləcə də bölgələrimizdə bina tikintisi ilə məşğul olan şirkətlər qayda pozuntusu ilə yanaşı yaşıllığı da məhv etməkdə davam edirlər.
Median.Az xəbər verir ki, növbəti belə hal Bakının Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında inşa edilən yeni binanın ərazisində qeydə alınıb. Belə ki, tikinti şirkəti binanın ətrafını hasarlayaraq bir neçə şam ağacını da hasarlanmış əraziyə daxil edib.
Redaksiyamıza məlumat verən sakinlərin iddiasına görə bu artıq anoloji hal alıb və onlar bu yolla cərimədən yayınmaq istəyirlər, ağacları hasarlayıb sonra gizlincə kəsməklə məşğuldular.
Əməkdaşımız sözügedən tikinti şirkətinin adını öyrənməyə çalışsa da ona heç bir məlumat verilməyib.
Faktla bağlı Bizimyol.info-ya danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məsələnin ən qısa zamanda araşdırılacağını, təsdiqini taparsa müvafiq tədbirlərin görüləcəyini bildirib:
“Mən həmin ərazinin adını qeyd etdim, bəlkə də artıq əməkdaşlarımız oradadır və bunu araşdırır. Hər bir halda araşdırmamızın nəticələri barədə mətbuata məlumat verəcəyik. Məsələ təsdiqini taparsa bunu törədən şirkət barədə müvafiq tədbirlər görüləcək”.//bizimyol