Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.
Tıxacın yaranması Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi işləri ilə əlaqədar olaraq sözügedən istiqamət üzrə hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması ilə bağlıdır.
Hazırda Bakı-Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Həmin yolda nəqliyyatın çox aşağı sürətlə hərəkət etdiyi bildirilir.
Bakı-Sumqayıt istiqamətində tıxac Bakının əsas küçə və prospektlərində, xüsusi ilə Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olub.
* * * * *
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləri ilə əlaqədar olaraq sözügedən istiqamət üzrə hərəkət hissə-hissə qismən məhdudlaşdırılır.
Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması iyun ayının 26-dan 27-nə keçən gecədən etibarən tətbiq edilib:
“Təmir işlərilə bağlı sürücülər 20 Yanvar dairəsi və “Şamaxinka”dan istifadə etməklə yenidən əsas yola çıxa bilirlər. Bakı Dairəvi-1 avtomobil yolu ilə hərəkətdə olan sürücülər də əvvəlki qaydada maneəsiz olaraq Bakı-Sumqayıt yoluna çıxırlar".
Anar Nəcəfli qeyd edib ki, sürücülərdən sözügedən hissədə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan (Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən avtomobil yolları, Binəqədi şosesi - Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Bİnəqədi-Novxanı-Corat avtomobil yolları) istifadə etməkləri tövsiyyə olunur.