Bakının Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi bina 6-nın qarşısında olan-qalan kiçik ərazini də hasarlayıb obyekt tikmək istəyirlər. Bu barədə Yeniavaz.com saytına bina sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, binanın qarşısındakı olan-qalan kiçik bir ərazinin hasarlanıb obyekt tikilməsinə cəhd göstərilməsi dözülməz haldır: "Bina ilə qarşısındakı yolun arasında 50-60 metr məsafə var, oranı da hasarlayıb obyekt tikmək istəyənlər var. Bu, nə tikinti normalarına, nə qanuna sığası iş deyil".
Həftənin bazar günü əraziyə 1 maşın "kubik" tökülüb, fəhlələr gətirilib və tikintiyə başlanılmasına cəhd göstərilib. Lakin sakinlərin Binəqədi Rayon İcra Hakimiyyətinin 1646 nömrəli "qaynar xətt"inə, Daxili İşlər Nazirliyinin 102 Zəng Xidmətinə, Mənzil İstismar Sahəsinə müraciət etməsindən sonra tikintinin qarşısı alınıb, hörülmüş daşlar sökülərək bir kənara yığılıb.
Məsələ ilə bağlı sakinlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "qaynar xətti"nə də zəng vuraraq məlumat veriblər.
Komitədən məsələnin araşdırılacağı bildirilib.
Sakinlərin şikayətini Binəqədi Rayon İcra Hakimiyyəti də nəzarətə götürüb.
Məsələni diqqətdə saxlayacağıq.
Sonda ərazidə inşaat işlərinə başlanılarkən çəkilmiş videonu təqdim edirik. Artıq bu tikinti işləri dayandırılıb.