Bakıda fəaliyyət göstərən marşrut avtobuslarından biri sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olaraq yanacaq doldurub.
Median.Az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, sürücünün sərnişinlərin həyatını təhlükəyə atması onların etirazına səbəb olub. Lakin sürücü sərnişinlərin etirazına məhəl qoymayıb.
Dəfələrlə avtobusların sərnişinlə dolu halda yanacaqdoldurma məntəqəsinə daxil olmaması, sərnişinlərin təhlükəsizliyinin təmin olunması haqda xəbərdarlıq edilsə də, bəzi avtobus sürücüləri bu xəbərdarlığa əhəmiyyət vermirlər. “Yol hərəkəti haqqında” qanuna görə, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır. Xəbərdarlığa məhəl qoymayan sürücüləri isə yol polisi 3 cərimə balı və 60 manat miqdarında cərimə edə bilər.