İyunun 12-də İmişli rayonunun Sarıxanlı kəndindən keçən su kanalında çimən uşaqlar kanalda içərisində pasportlar olan sellofan aşkar ediblər və həmin sellofanı dərhal İmişli Rayon Polis Şöbəsinə təhvil veriblər. Sellofana baxış zamanı içərisindən 56 ədəd ümumvətəndaş pasportu aşkar edilib.
Median.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.
Onun sözlərinə görə, müəyyən edilib ki, bu sənədlərin vaxtı bitib, tam fəaliyyətsizləşdirilib və şəxsin əsas məlumatları olan səhifələri məhv edilib.
“Təlimata uyğun olaraq, həmin sənədlərin yandırılaraq məhv edilməsi əvəzinə, hansısa səhlənkar və məsuliyyətsiz şəxs tərəfindən su kanalına atılması ehtimal edilir. Hazırda bununla bağlı müvafiq araşdırmalar aparılır”, - deyə E. Zahidov bildirib.
* * * * *
İmişlidə çaydan çoxlu sayda ümumvətəndaş pasportu tapılıb.
Median.Az APA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Sarıxanlı kəndində yeniyetmələr Araz çayının qolu olan Boztəpə çayında çimərkən sellofan torba tapıblar.
Uşaqların valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilən torbada Azərbaycan vətəndaşlarına məxsus 56 ədəd ümumvətəndaş pasportu aşkar edilib.
Pasportların Şəki, Zaqatala və Balakən sakinlərinə məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.