2017-2018-ci tədris ilində 225 nəfər Azərbaycan Respublikası vətəndaşı hökumətlərarası müqavilələr çərçivəsində xaricdə təhsil almaq hüququ qazanıb.
Bu barədə Təhsil Nazirliyinin 2017-2018-ci tədris ili üzrə hesabatında qeyd edilib.
Məlumatda bildirilib ki, 2017-2018-ci tədris ilində hökumətlərarası müqavilələr çərçivəsində 22 nəfər Çin Xalq Respublikasında, 198 nəfər Macarıstanda, beş nəfər isə Rumıniyada dövlət xətti ilə təhsil almaq hüququ qazanıb.
2018-ci ilin əvvəllərində hökumətlərarası müqavilələr çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstanda, Rumıniyada, Latviyada və Çində təhsil məqsədilə Təhsil Nazirliyi tərəfindən seçimlər aparılıb.
250-yə yaxın Azərbaycan Respublikası vətəndaşının namizədliyi təsdiq olunmaq üçün müvafiq ölkələrin aidiyyəti qurumlarına təqdim edilib.
Hesabatda qeyd edilib ki, transfer.edu.az portalı vasitəsi ilə 2018-ci ildə bakalavriat və magistratura üzrə 1067 nəfərin sorğusu təsdiq olunub.
Bakalavriat üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura üzrə 15, orta-ixtisas təhsili üzrə 186 nəfərin sorğusuna müsbət cavab verilib.