Bakının Yasamal rayonunun Hüseyn Cavid prospektində yaşayan altı ailə məcburi şəkildə evlərindən çıxarıldıqlarını iddia edirlər.
Sakinlərlə görüşən Baku.ws-in əməkdaşına bildiriblər ki, “Olympus Park” tikinti şirkətinin əməkdaşları evlərini uçurmağa çalışırlar. Onlar bildirirlər ki, hətta bir neçə gün əvvəl tikinti şirkətinin mühafizəçiləri gecə sakinlərin evlərinə hücum çəkiblər.
Səbəb isə sakinlərin şirkətin onlara verdiyi kompensasiya ilə razılaşmamasıdır. Sakinlər iddia edir ki, şirkət sakinlərə kvadrat metrinə 1500 AZN təklif edib. Lakin sakinlər 4 min AZN tələb edirlər. Onlar bildirir ki, şirkət onların evlərinin yerində ucaltdıqları binada evin kvadratını 5000 AZN-ə satırlar.
Məsələ ilə bağlı Yasamal Rayonun İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
İcra Hakimiyyətindən bildiriblər ki, Yasamal Rayonun İcra Hakimiyyəti Əziz Əliyev ərazidə olaraq sakinlərlə danışıb. “Yasamal Rayonun İcra Hakimiyyətin başçısı Əziz Əliyev şəxsən özü ərazidə olub və sakinlərlə danışıb. O, şirkət rəhbərinə göstəriş verib ki, şirkətlə sakinlər arasında yaranan problem qanunla həll olunsun”.
“Olympus Park”ın direktoru Səmədzadə Sərxan BAKU.WS-ə sakinlərin ittihamı ilə razı olmadığını deyib. Onun sözlərinə görə, gecə onların evlərinə daş atılmayıb.
““Olympus Park” şirkəti 22 noyabr 2007-ci il tarixində Bakı şəhər İcra hakimiyyəti tərəfindən verilmiş sərəncam üzrə Hüsen Cavid prospekti ilə Haqverdiyev küçələrin kəsişməsində çoxmərtəbəli binaların inşaası ilə məşğuldur. İnşaat işləri başa çatıb hazırda binada abadlıq işləri gedir. Burada yaşayan sakinlərə pul kompensasiya ödənilməsi şərti ilə köçürülmüşdü. Hal hazırda orada bir həyət qalıb. Nazirlər Kabinetinin qərarı ilə torpaq daşıntısı, iritonnajlı avtomobillərin şəhərə buraxılması ancaq gecə vaxtı baş verir. Onun üçün də, ekskvatorun işi axşam 10-dan sonra başlayır. Bu da təbii ki, sakinlərin narazılığına səbəb olur. Onlar deyirlər ki, səs-küy olduğu üçün yata bilmirik. Lakin bizim başqa çıxış yolumuz yoxdur”.
Şirkətin direktoru bildirib ki, fevralın 5-də gecə sakinlər eksvatoru daşlayıblar.
“Sakinlər səs-küydən narazı qalaraq eksvatora daşlıyıblar. Əməkdaşımız da işini dayandırıb ərazini tərk edib. Daha sonra sakinlər tikinti ərazisinə daxil olaraq 1-ci mərtəbəninin şüşələrini qırıblar. Orada olan boya dolu qabları aşırdıblar. Bunu edən burada yaşayan sakinlər olmayıblar. Burada yaşayan sakinləri toplasan təxminən 10 nəfər olar. Amma hücüm edənlər 40 nəfərə yaxın cavan oğlan olub. Biz tərəfdən onların evlərinə heç bir müdaxilə olunmayıb.
“Biz sakinlərin yaşadığı mənzillərin ümumi sahəsini, yəni divarları da, həyət yani daxil nəzərə alaraq ölçüb 1650 manatdan kvadratına pul təklif edirik. Bu da ən kiçik evdə 117 min AZN edir. Biz onlara 125 min AZN, 134 min AZN təklif etmişik. Hər ailəyə biz o qədər pul təklif edirik. Bunları toplayanda isə yarım milyon pul edir. Əgər onlar razılaşmırsa biz onları məcburi şəkildə çıxartmırıq. Bundan əlavə, biz onlara hər ailəyə tikdiyimiz binadan ev veririk. Lakin onlar bu şərtlərlə də razı deyillər. Onların dedikləri qiymət bu günün reallığını əks etmir”, - deyə şirkət direktoru bildirib.
Şirkət direktoru əlavə edib ki, “Olympus Park” tikinti şirkəti məhkəməyə müraciət edəcək. O, bildirib ki, artıq hüqüq yolu ilə məsələ həll olunacaq.