Əlillik dərəcələrinin verilməsi ilə bağlı məsələdə hələ də gərginliklər, problemlər yaşanmaqdadır.
Oxu.Az-ın xəbərinə görə, bu məsələ yenidən Milli Məclis (MM) müstəvisində müzakirə predmetinə çevrilib.
Daha doğrusu, MM-in qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı parlamentin Əmək və sosial siyasət komitəsinin bugünlərdə keçirilən ilk iclasında komitə üzvləri - Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevlə akademik Yaqub Mahmudov bu məsələni gündəmə gətiriblər. Onlar heç də birmənalı qəbul olmayan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” hazırlanmış yeni qanun layihəsinin müzakirələrində əlillik dərəcələrinin verilməsində hələ də problemlərin qaldığını iddia edib və şikayətləniblər. Hər iki millət vəkili ölkədə rəsmi statistikaya görə, 600 mindən çox əlilin olduğunu, ancaq bunun reallıqlarla heç cür uzlaşmadığını bildiriblər. Onların fikrincə, Azərbaycanda bu sayda əliliin olması absurddur. Ona görə də adıçəkilən millət vəkilləri bu məsələdə xoşagəlməz halların mövcudluğunundan narazılıqlarını ifadə edərək, əlillik dərəcəsi verən dövlət qurumlarını bu məsələdə daha diqqətli olmağa, problemləri tezliklə aradan qaldırmağa səsləyiblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov isə səslənən iddialarla razılaşmır. O, mətbuata açıqlamasında bildirib ki, bu məsələ çox şəffaf şəkildə həyata keçirilir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı bir qanunsuzluğa yol verilmir:
“Bu məsələdə problem ola bilməz. Bu proses çox şəffaf şəkildə aparılır, hər şey şəffafdır. Xüsusilə də, Səlim Müslümovun nazir təyin olunmasından sonra bu məsələdə şəffaflıq tam təmin olunub. Düzdür, əvvəllər “VTEK”-lərin (Tibbi-Sosial Ekspert Komissiyası - red) dövründə bu məsələdə ciddi pozuntulara yol verilirdi, amma son illər hər şey şəffaf şəkildə aparılır, xüsusilə də, elektronlaşdırmadan, elektron sistemə keçiddən sonra bu məsələdə heç bir nöqsan ola bilməz. Amma onu da deyim ki, bəli, bəzi poliklinikalarda bu məsələdə bəzi problemlər qalmaqdadır...”, - deyə nazir müavini əlavə edib.