Dekabrın 23-də itkin düşən “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvü Babur Hüseynovun ailəsi prezident İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva müraciət ünvanlayıb.
“Qafqazinfo”ya daxil olan müraciətdə alpinistin anası Gülxanım Hüseynova prezidentdən kömək istəyib.
Müraciətdə deyilir:
“Cənab prezident və hörmətli Mehriban xanım!
Bildiyiniz kimi, içində mənim balamın da olduğu alpinist qrupu itkin düşüb. Baburla dekabrın 23-ü saat 11:30-da telefonla əlaqə saxlamışıq, Xınalıqda olduğunu dedi. Dekabrın 24-ü saat 16:26-da WhatsApp-la əlaqə saxlayaraq hər şeyin yaxşı olduğunu yazdı. Evdə demişdi ki, 25-i qayıdacaq. Qayıtmadığı üçün dekabrın 26-sı səhər saatlarında Xətai rayon 37-ci polis bölməsinə yazılı müraciət etdik.
Məsələni diqqətinizdə saxladığınız üçün əminəm ki, axtarışların başlama tarixi, saatı barədə məlumatlısınız. Bilirəm ki, axtarışlar müxtəlif qurumlar tərəfindən aparılır, əllərindən gələni edirlər. Hamısına çox təşəkkür edirəm. Amma ana ürəyi dözmür. Hər keçən dəqiqə vaxtın əleyhimizə işlədiyini düşünüb hansı dəhşətli hisslər yaşadığımı sözlə ifadə edə bilmirəm. Valideyn olaraq məni yaxşı anladığınızı bilirəm.
Cənab prezidentim, hörmətli vitse-prezidentim, sizdən məsələnin birbaşa nəzarətinizə almağı, axtarışların bir az da gücləndirilməsini sonsuz dərəcədə rica edirəm.
Ailəmiz pərişandır. Hər an xəbər gözləyirik. Günlər keçdikcə dizlərim bükülür.
Oraya səfərbər olunan dəstələrin əllərindən gələni etdiyini bilirəm. Bütün dövlət qurumlarına, balalarımızı axtaran hər kəsə çox təşəkkürümü bildirirəm. Əminəm ki, ən qısa zamanda sizin xüsusi nəzarətinizin bəhrəsi olaraq lazım olan bütün tədbirlər görüləcək. Biz analar da ağlamaqdan gözümüzdə yaş qoymayan balalarımıza qovuşacağıq.
Allah hər ikinizə can sağlığı versin, övladlarınızı qorusun”.