Mojo.az Banner
18:33 Sabah bu ərazilərdə qaz olmayacaq  |     18:26 Yaş artdıqca evlənmək istəyi azalır? – Araşdırma nə deyir  |     18:18 Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu  |     18:13 Bakıda yeni tribuna quraşdırıldı  |     18:08 Boşanma olmadan aliment: Kim, necə və nə qədər tələb edə bilər?  |     18:06 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     17:48 Gənclər Liqası: "Sabah"ın oyunlarının təqvimi  |     17:47 Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi  |     17:21 Kəndli məhsulunu satmır, məhv edir: Bazar niyə fermerə qapalıdır?  |     17:08 Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı  |     16:57 Narkotest nəticələrini dəyişməyi vəd edən sabiq hərbçilərə HÖKM OXUNDU  |     16:50 30 illik cinayətin üstü açıldı: Rep əfsanəsini kim öldürüb və əmri kim verib?  |     16:42 Sevgilisinə mesaj yazdı, səhvən arvadına göndərdi - Evdə dava düşdü, iş məhkəmədə bitdi  |     16:39 "Təzə Bazar"da oğurluq: Müştəri kimi getdi, 1100 manatlıq telefon oğurladı  |     16:20 Gömrükdən 232 minlik malı qanunsuz keçirmək istəkləri ürəklərində qaldı  |     16:01 34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib - TƏFƏRRÜAT  |     15:47 Balıq ovu mövsümü açıldı  |     15:43 Günəş partlayışları və maqnit qasırğası riski: Sentyabrın ilk günləri üçün proqnoz  |     15:30 Azərbaycanda yeni su tarifləri müəyyənləşdi  |     15:28 Paşinyan: "İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir"  |    
Left Banner
Right Banner

Azərbaycan Dövlət Bayrağı gününü qeyd edir

09.11.2018 11:47 8 364
Azərbaycan Dövlət Bayrağı gününü qeyd edir
Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür.

Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.

2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq dirəyinin hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.

Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.скачать dle 11.3
Mojo.az Banner