Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Xalq artistinin ölümü ilə bağlı nekroloq imzaladı

31.07.2018 14:59 2 475
İlham Əliyev Xalq artistinin ölümü ilə bağlı nekroloq imzaladı
Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət rəsmiləri bəstəkar Xəyyam Mirzəzadənin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Nekroloqda deyilir:

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli bəstəkar, Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq Artisti, professor Xəyyam Hadi oğlu Mirzəzadə 2018-ci il iyulun 30-da ömrünün 83-cü ilində vəfat edib.

Xəyyam Mirzəzadə 1935-ci il oktyabr ayının 5-də Bakı şəhərində anadan olub. O, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbini bitirdikdən sonra həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, 1957-ci ildə ali təhsilini dahi bəstəkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə başa vurub.

Əmək fəaliyyətinə 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Xəyyam Mirzəzadə burada baş müəllim, dosent və professor vəzifələrində çalışıb, 1971–1983-cü illərdə isə bəstəkarlıq kafedrasının müdiri olub.

O, 1983-cü ildən 2005-ci ilədək həmin təhsil müəssisəsinin professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsində və yüksək ixtisaslı peşəkar musiqiçi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib.

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun milli musiqi ilə müasir bəstəkarlıq texnikasının üzvi əlaqəsinə əsaslanan və özünəməxsusluğu, ifadəliliyi, dinamizmi ilə səciyyələnən geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.

Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçılarından olan Xəyyam Mirzəzadə dünya musiqi irsinin nailiyyətlərindən uğurla bəhrələnərək müxtəlif janrlarda qiymətli əsərlər meydana gətirib. Ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara şöhrət qazandırıb.

Azərbaycan kinematoqrafiyasının qızıl fondunu təşkil edən bir sıra filmlərə, eləcə də çox sayda dram tamaşalarına onun yazdığı musiqilər öz ifadə vasitələrinin rəngarəngliyi və məzmun dolğunluğu ilə dinləyicilərin zövqünün formalaşdırılmasına xidmət edib, musiqi mədəniyyətimizin təqdirəlayiq nümunələri olaraq yüksək dəyərləndirilib.

Ölkənin musiqi ictimaiyyəti Xəyyam Mirzəzadəni eyni zamanda gözəl nəğmələrin müəllifi kimi tanıyırdı. Onun bəstələdiyi mahnılar uzun illər Azərbaycanın görkəmli ifaçılarının repertuarını zənginləşdirib.

Xəyyam Mirzəzadənin respublikamızın hüdudlarından uzaqlarda və dünyanın mötəbər salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin təbliği işinə mühüm töhfə olub.

Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilib. O, bir çox fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Görkəmli bəstəkar, mahir pedaqoq və səmimi insan Xəyyam Hadi oğlu Mirzəzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Novruz Məmmədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Əli Əhmədov

Fərəh Əliyeva

Əbülfəs Qarayev

Ceyhun Bayramov

Firəngiz Əlizadə

Fərhad Bədəlbəyli

Arif Məlikov

Fidan Qasımova

Tofiq Bakıxanov

Rauf Abdullayev.скачать dle 11.3
Mojo.az Banner