Emin Mahmudovun fotosu Nyu-Yorkun mərkəzindəki məşhur ekranda yayımlanıb
Azərbaycan millisinin sabiq kapitanı Emin Mahmudovun milli karyerasını bitirməsinə ABŞ-nin Nyu-York şəhərində də diqqət çəkilib. Futbolçunun fotosu şəhərin simvollarından sayılan "Times" meydanındakı böyük reklam ekranında nümayiş etdirilib.
Görüntülər Nyu-Yorkda fəaliyyət göstərən "PR to SKY" şirkətinin sosial şəbəkə hesabında paylaşılıb.
Paylaşımda 33 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisindəki karyerasını başa vurduğu xatırladılıb. Onun yığmanın tarixində ən məhsuldar futbolçu olduğu xüsusi vurğulanıb. Emin Mahmudov milli komandanın formasında 66 qarşılaşmada meydana çıxıb və 16 qol vurub.
Şirkət paylaşımında kapitana təşəkkürünü bildirərək onun nailiyyətlərinin dünyanın ən məşhur meydanlarından birində də qeyd olunduğunu nümayiş etdirib.
Qeyd edək ki, "PR to SKY" beynəlxalq reklam və kommunikasiya xidmətləri göstərən agentlikdir. Şirkət "Times Square" də daxil olmaqla, müxtəlif ölkələrdə rəqəmsal reklam ekranlarında tanıtım imkanları təqdim edir.
///oxu.az