Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA
Özəl məktəblər valideynlərə fərqli tədris proqramları və əlavə xidmətlər təklif etsələr də, təhsil haqları ailələr üçün ciddi xərc yarada bilər. Bu qiymətlərin hansı meyarlarla müəyyənləşdirilməsi və təhsilin keyfiyyətinə uyğunluğu müzakirə mövzusudur. Özəl məktəblərdə təhsil haqlarının yüksək olmasını şərtləndirən əsas amillər hansılardır və qiymətlə keyfiyyət arasında uyğunluq necə qiymətləndirilməlidir?
Bu barədə təhsil eksperti Məzahir Məmmədli Median.Az-a açıqlamasında deyib ki, Azərbaycanda bütün özəl liseyləri eyni kateqoriyaya aid etmək olmaz:
Bu barədə təhsil eksperti Məzahir Məmmədli Median.Az-a açıqlamasında deyib ki, Azərbaycanda bütün özəl liseyləri eyni kateqoriyaya aid etmək olmaz:
“Lakin onların bir qismi var ki, təhsil haqları Azərbaycan ailələrinin əksəriyyətinin büdcəsinə uyğun deyil. Buna baxmayaraq, həmin liseylərdə kifayət qədər şagird təhsil alır. Bu ailələr, əsasən, maddi imkanları yüksək olan şəxslər, iş adamları və vəzifə sahibləridir. Həmin liseylərdə təhsil alan şagirdlərin bir qismi də gələcəkdə xaricdə təhsil almağı hədəfləyir və bu istiqamətdə xüsusi proqramlardan yararlanır. Bununla yanaşı, təhsil haqları nisbətən münasib olan özəl liseylər də mövcuddur. Məsələn, bəzi ailələr övladlarının təhsili üçün illik 6 min manatdan 15 min manatadək vəsait ayıra bilir. Digər liseylərdə isə illik təhsil haqqı 35-40 min manata, hətta 50 min manata qədər yüksəlir”.
O qeyd edib ki, daha aşağı təhsil haqqı ilə fəaliyyət göstərən özəl liseylərdə verilən təhsilin keyfiyyəti mütləq şəkildə digərlərindən geri qalır: “Bu liseylərdə tədrisin və qidalanmanın zəif olduğunu da ümumiləşdirmək düzgün deyil. Sadəcə, bəzi hallarda cəmiyyətdə təhsilin keyfiyyəti prestij və ödəniş məbləği ilə ölçülür. Bəzi liseylərin yüksək təhsil haqqı müəyyən mənada bu yanaşma ilə də bağlıdır. Ümumilikdə, özəl liseylər valideynlər üçün vaxta qənaət baxımından da əlverişli ola bilər. Xüsusilə, hər iki valideynin işlədiyi ailələrdə uşağın gün ərzində təhsil alması, qidalanması və dərslərini hazırlaması üçün şəraitin yaradılması mühüm amildir. Bu baxımdan, maddi imkanları nisbətən yaxşı olan ailələr üçün özəl liseylər daha əlverişli seçim hesab edilə bilər. Qiymətləndirmə məsələsinə gəlincə, hər bir özəl məktəbin öz daxili intizam qaydaları, geyim forması, qidalanma sistemi və tədris proqramı var. Özəl təhsil müəssisələri müvafiq lisenziyanı Elm və Təhsil Nazirliyindən alırlar. Nazirlik isə onların fəaliyyətinin qanunvericiliyin tələblərinə və müəyyən edilmiş standartlara uyğunluğunu qiymətləndirir”.
Ekspert sonda bildirib ki, özəl liseylər arasında tədris proqramlarına görə də fərqlər var: “Məsələn, xaricdə təhsil almağı hədəfləyən şagirdlər üçün nəzərdə tutulan Beynəlxalq Bakalavriat (IB) proqramı ilə tədris aparan, IELTS imtahanına hazırlıq keçən və ya Azərbaycan kurikulumu əsasında fəaliyyət göstərən liseylər mövcuddur. Bəzi müəssisələr rus və ingilis dillərində, eləcə də digər dillərdə təhsil imkanları təklif edirlər. Beləliklə, özəl liseylər arasındakı əsas fərqlər təhsil haqqı, tədris proqramı, təhsil dili və şagirdlərə yaradılan əlavə imkanlarla bağlıdır. Valideynlər seçim edərkən yalnız qiyməti və liseyin nüfuzunu deyil, həm də təhsilin keyfiyyətini, müəllim heyətini və övladlarının gələcək hədəflərinə uyğunluğunu nəzərə almalıdırlar”.
