Aktyorlar, ssenaristlər və rejissorlar danışdı: AKİ sədrliyinə ən çox kimi istəyirlər?
Bu proses fonunda kino ictimaiyyətində də diqqət bu məsələyə yönəlib. Aktyorlar, ssenaristlər, rejissorlar və ümumilikdə sənət adamları artıq öz favoritlərini açıqlayaraq mövqelərini ortaya qoyublar.
Median.Az sənət adamları arasında keçirdiyi sorğunun təqdim edir:
AKİ film studiyasının rəhbəri və prodüseri Azad Axundov
Əli İsa Cabbarov olmasaydı, bu ittifaq yox dərəcəsində idi. İttifaqda işləyən katib odur. Ona görə də sədr olaraq Əli İsa Cabbarovu görürəm.
Kinoşünas Hacı Səfərov
Məncə, Şəfiqə Məmmədova olmalıdır. Hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqına Şəfiqə Məmmədova rəhbərlik edir. Rasim Balayevin vəfatından sonra görülən işlər qaldığı yerdən davam edir. Məhz bu səbəbdən düşünürəm və arzu edirəm ki, AKİ öz fəaliyyətinə olduğu kimi davam edəcək.
Kinoşünas Aliyə Dadaşova
Kinonu sevdiyinə, AKİ-də katib olaraq gördüyü işlərdən dolayı, kino mühitində sağlam və perspektivli irəliləyiş yarada biləcəyinə inandığım üçün Əli İsa Cabbarovun olmasını istərdim.
Əməkdar artist Elman Rəfiyev
Sədr olaraq kinonu, aktyorluğu, rejissorluğu bilən adam seçilməlidir. Ən əsası isə aktyorların qeydinə qalmalıdır. Kino aləmində Elxan Cəfərov öz sözünü deyib və çəkdiyi filmlər də göz önündədir. Onun "Dolu" filmi nəyə desəniz dəyər. Bu adam kinoda doğulub və orada boya-başa çatıb. Həmidə Ömərova da seçilsə, mən alqışlayaram. Bizə kinonu sevdirən də Həmidə xanım olub.
Yazıçı-dramaturq Jalə İsmayıl
Yaxşı menecer kimdirsə, AKİ rəhbəri o olsun.
İstənilən halda kino sənayesini bilən şəxs olmalıdır.
Böyük sənətkar, sevilən kino adamı olmaq yetərli deyil bu iş üçün.
Ən yaxşı kömək nədir? Mane olmamaq. Ən azı, işləyənə mane olmamağı bacaran adam olsun.
Namizədə gəlincə, uzağa getməyək, götürək elə bizim Əli İsa Cabbarovu. Niyə o olmasın, məsələn?
Aktyor Cavad Nur
Bu sual cavab vermək çətindir. Mən düşünürəm ki, sədr kim təyin olunacaqsa, film, aktyorluq, rejissorluq sahəsini yaxşı bilməlidir. Eyni zamanda ictimai mühitdə daha çox tanınan bir adam olmalıdır. Həmçinin sədr seçiləcək şəxs sözükeçən adam olmalıdır. İdeyası, fikri, kreativliyi yerində olan bir şəxs olsa, gözəl olar. Ağıla gələn ilk adlardan biri Elxan Cəfərovdur. Kino sahəsinin inkişafına böyük bir təsiri olar.
Ssenarist Pərviz Məmmədov
Sədr kimi Əli İsa bəyi görürəm. İş bacarığı, çalışqanlığı və s. üçün. Ancaq eyni zamanda düşünürəm ki, sədr statuslu biri olmalıdır. Bəzən problemlər sadəcə bir zənglə həll olunur. Status məsələsində kimin ola biləcəyi ilə bağlı fikrim yoxdur. İnşallah, görək, namizədlər kimlər olacaq. Həmin variantların içindən seçməli olacağam.
AKİ-nin katibi, rejissor-prodüsser Türkan Hüseyn
Əli İsa Cabbarov illərdi AKİ-də icraçıdır və kino prosesini, yaradıcı insanları şəxsən tanıyır. Layihələr keçirir və ittifaqın idarəçiliyini həyata keçirir.
Buna görə sistem zatən işləyir və hamı razıdır. Buna görə var olanı böyütmək və işin davamı üçün ittifaqın işini, idarəçiliyini artıq bilən, kinonu bilən insan olaraq Əli İsa Cabbarov ən uyğun sədr namizədidir.
Ssenarist Nicat Dadaşov
Əli İsa Cabbarovu ən düzgün namizəd hesab edirəm. Çünki o, incəsənət adamlarının səsini həqiqətən eşidən, onları anlayan və hər zaman dəstək göstərən nadir insanlardandır. Kinematoqrafiya sahəsinin yaşadığı reallığı həm peşəkar, həm də insani baxımdan dərindən anlayır. Onun mədəniyyətə və yaradıcı insanlara münasibəti səmimi və davamlıdır ki, bu da onu digərlərindən fərqləndirir.
Dəniz Pənahova
Median.Az
