Ağstafada yeni ailə quran gəlinə zülm verdilər
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Ağstafa rayonunun kəndində yaşayır: "Zərərçəkmiş Məmməd mənim keçmiş qayınatamdır. Onunla münasibətlərimiz normal olub, hər zaman bir böyük kimi onun hörmətini saxlamışam. Hadisə günü, saat 4-5 radələrində idarə etdiyim "Hyundai" markalı avtomobil ilə bacım Baharı, keçmiş həyat yoldaşım Gülsümü və qonşumuz Cəmili Gülsümün işlədiyi məktəbdən evə gətirirdim, evə çatan zaman Gülsüm uşağı da götürərək yola tərəf qaçdı. Bu zaman həyat yoldaşımın anası və xalasının uzaqdan bizə tərəf gəlməsini gördüm. Həmin vaxt qayınatam bizdən aralıda olub. Onlar birinci bacımı vuraraq yerə yıxdılar və qonşumuz Cəmil gələrək onları araladı. Məmməd mənə tərəf gəldi, məni hədələdi və mənə yumruq atdı. Lakin yumruq mənə dəymədi. Mən də Məmmədin boğazından tutaraq yavaşca itələdim. Bu zaman o, arxaya gedərək yıxıldı".
İş üzrə şahid qismində ifadə verən Gülsümün sözlərinə görə, Vüqar ilə 22 mart 2020-ci ildə ailə quraraq, Ağstafa rayonunun kəndinə gəlin köçüb: "Evdə mən, Vüqar, baldızım və onun uşaqları yaşamışıq. Bizim birgə nikahımızdan 2021-ci il noyabrın 18-də bir övladımız oldu. Ailə münasibətlərimiz ilk vaxtlarda soyumağa başladı. Vüqar anamı və atamı evimizə gəlməyə qoymayıb. Hətta valideynlərimi uşağımız olduqda da gəlməyə qoymayıb. Ondan sonra aramızda davalar başlayıb. Vüqar məni boş şeylərin üstündə döyməyə və təhqir etməyə başladı, telefonumu qırdı".
Dövlət ittihamçısının isə apellyasiya protesti təmin edilib. Birinci instansiya məhkəməsinin hökmü ləğv edilib, yeni ittihamedici hökm çıxarılıb. Hökmə əsasən Vüqar 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
