Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

20 günə kökəldən təhlükə: Qeydiyyatdan keçməyən dərman ölkəyə necə daxil olur? - FOTO

13.10.2023 18:03 1 212
20 günə kökəldən təhlükə: Qeydiyyatdan keçməyən dərman ölkəyə necə daxil olur? - FOTO
Azərbaycanda dərman bazarı tam olaraq sağlamlaşdırılmayıb. Ölkəyə hələ də qeyri-qanuni idxal olunan və dövlət qeydiyyatından keçməyən dərman, eləcə də qida əlavələri daxil olur. Bu azmış kimi dövlət qeydiyyatından və ekspertizasından keçməyən təhlükəli tərkibli məhsulların sosial şəbəkələrdə kütləvi satışı həyata keçirilir.

Bizim.media belə bir faktı ortaya çıxarıb.

“Instagram” platformasında “elen cosmetics” adlı səhifə istifadəçilərə bir çox problemlərlə bağlı alıcılara müxtəlif çeşidli dərman və qida əlavələri təklif edir. Hansı ki, kütləvi şəkildə satdıqları məhsulların çoxu hormonal, yan və zərərli təsirlərə malikdir.

Qeyd edək ki, dərman vasitələrinin dövlət qeydiyyatı, təkrar qeydiyyatdan keçirilməsi və qeydiyyat dosyesində olan dəyişikliklərin qeydiyyatı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən həyata keçirilir. Ekspertizanın keçirilmə qaydaları Nazirlər Kabinetinin 25 dekabr 2020-ci il tarixli 502 nömrəli qərarı ilə tənzimlənir.

Potensial təhlükə

Azərbaycan bazarında populyarlıq qazanan və çəki artırmaq üçün nəzərdə tutulan “Samyun Wan” məhsulunu araşdırdıq. Tərkibində “jenşen” olduğu bildirilən dərman əlavəsi ilə nəinki Azərbaycanda, dünyada heç bir dövlətin reyestrində rəsmi şəkildə qeydiyyata alınmayıb.

Bu məhsulun ölkəyə gətirilməsi ilə bağlı nə Səhiyyə Nazirliyinin İnnovasiya idarəsindən rəy, nə Qida Təhlükəsizliyi Agentliyindən sertifikat, nə də ki başqa bir rəsmi sənəd mövcuddur. Bir sözlə, məhsulla bağlı Azərbaycanın heç bir orqanı tərəfindən rəsmi sənəd verilməyib. Alıcılara 20 gün ərzində nə az, nə çox 8 kq çəki artımı zəmanəti verilir. Maraqlısı da budur ki, həmin müddət ərzində dərman öz effektini verir.

Bundan əlavə qablaşdırma üzərində göstərilmiş istehsalçı nə İndoneziyada, nə də ki Çində var.

Yəni məhsulun konkret mənşəyi məlum deyil. Qablaşdırma heç bir inkişaf etmiş ölkənin QOST-larına (dövlət standartları) uyğun deyil. Saxlama şərtlərinin, ştrix-kodların, normativ sənədlərin və bu məhsula görə cavabdeh olan təşkilatlara istinadların olmaması aydın şəkildə göstərir ki, bu qaçaqmalçılıqla gətirilmiş, nədən hazırlandığı məlum olmayan saxta bir məhsuldur.

Tərkibində gizli komponentlər olan məhsulun tərkibində çox zərərli hormonal dərman olan deksometazonun olması potensial təhlükə yaradır. Hansı ki, deksometazon yalnız ağır və kritik xəstələrə tətbiq edilir.

Qeyd edək ki, “elen cosmetics” adlı səhifə başqa çeşidli dərman və qida əlavələrinin satışı ilə də məşğuldur.

Maraqlıdır, dövlət qeydiyyatından və ekspertizasından keçməyən bu cür məhsullar ölkəyə necə daxil olur?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi sözügedən məhsulun dövlət qeydiyyatından və ekspertizasından keçmədiyini təsdiqləyib.

Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov isə bildirib ki, ölkə ərazisinə kommersiya məqsədləri üçün gətirilən bioloji fəallığa malik qida əlavələrinin gömrük rəsmiləşdirilməsi aidiyyəti dövlət qurumlarının icazə sənədi əsasında həyata keçirilir:

“Həmin icazə sənədi ilə təmin olunan malların ölkə ərazisinə idxalına icazə verilir. Bioloji fəallığa malik qida əlavələri fiziki şəxslər tərəfindən şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirildikdə isə hər hansı icazə sənədi tələb olunmur”.

Amma sözügedən məsələdə şəxsi istifadədən söhbət getmir. Eyni zamanda qurumun açıqlamasında konkret məhsula, qanunsuz və kütləvi satışına toxunulmur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi isə hələ göndərilən sorğunu cavablandırmayıb. Görünən odur ki, dövlət qurumları da qanunsuz dövriyyəsi həyata keçirilən məhsulları araşdırmağa maraqlı deyillər...

Xatırladaq ki, bu məsələ Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə məsuliyyət yaradır.

Daha geniş araşdırma aparılarsa, dövlət qeydiyyatından keçməyən digər məhsulların tərkibi və mənşəyi ilə bağlı çox güman ki, bənzər faktlar üzə çıxacaq.


скачать dle 11.3
Mojo.az Banner