“Hər ay nazirə pul verirdik” - Məhkəmədə sensasion açıqlamalar » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:50 Polşada təyyarə qəzaya uğrayıb, ölənlər var  |     20:41 Malaziya pasportu ilə Azərbaycana gələn Şri-Lanka vətəndaşına hökm oxunub  |     20:36 Ötən həftə 1459,4 ha ərazi minalardan təmizlənib  |     20:30 Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb  |     20:22 DİM: 600-dən yuxarı bal toplayıb müsabiqədən keçə bilməyənlərə güzəşt tətbiq edilmir  |     20:17 Bu il cəzaçəkmədən azad edilən 3 minə yaxın şəxsə birdəfəlik müavinətlər verilib  |     20:10 Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq  |     20:04 Ötən il Azərbaycanda qarayaraya yoluxanların sayı artıb  |     19:59 Əsassız tikintini özbaşına tikilidən necə fərqləndirmək olar? – Ali Məhkəmədən izah  |     19:52 Ermənistan banklarında rusiyalılardan vergi rezidentliyi barədə məlumat tələb olunur  |     19:44 Kamran Əliyev vətəndaş qəbulu keçirəcək  |     19:39 Rumıniya Senatının üzvü: Qarabağda özümü evimdəki kimi hiss edirəm  |     19:33 FHN: Ötən həftə ərzində 692 yanğına çıxış olub, 10 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib  |     19:28 "Sabah"ın hücumçusu Azərbaycan çempionatında 40 qola çatan doqquzuncu legioner olub  |     19:19 Qırğızıstanda itkin düşən iranlı alpinistlərin axtarışları dayandırılıb  |     19:13 “SpaceX” texniki problemlərə görə “Starship” prototipinin buraxılışını təxirə salıb  |     19:06 İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq?  |     19:00 Putinlə Pezeşkian telefonla danışdı  |     18:55 Texniki baxışın müddəti necə hesablanır? - BDYPİ cavablandırır  |     18:47 Yanğında sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?  |    

“Hər ay nazirə pul verirdik” - Məhkəmədə sensasion açıqlamalar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin keçmiş direktoru Əkbər Həsənov, bu qurumun baş mühasibi olmuş İlqar Hacıyev və departamentin daha üç əməkdaşı məhkəmə qarşısına çıxarılıb. Onlar yarım milyon manata yaxın yeyintidə ittiham olunurlar.
Bizimyol.info xəbər verir ki, cinayət işində söhbət 451 min manatlıq mənimsəmədən gedir. İttihama görə, departamentdə onlarla adamın adına saxta maaş kartları açılıb, aylıq ora pul köçürülüb. Yəni əslində mövcud olmayan işçilərin bank hesabına köçürülən pullar vasitəsilə 451 min manatın mənimsənildiyi iddia olunur.

Amma təqsirləndirilən baş mühasib ittihamları qəbul etmir. O, məhkəmədə ifadəsində bildirib ki, təkcə bu departament hər ay nazir Hüseynqulu Bağırova 10 min manat pul verirdi. 2018-ci ildə prezident seçkiləri öncəsi isə nazir onlardan 265 min manat pul alıb. O pulu da departamentin rəhbəri Əkbər Həsənov işlədikləri firmalardan birinin rəhbərindən 10 faizlik sələmlə götürərək nazirə verib. Sonradan həmin borcu sözügedən kartlara köçürülən pulların hesabına ödəyiblər.


Əkbər Həsənov istintaq dövründə 451 min manatın 300 minini ödəyib. İlqar Hacıyev bunu Hüseynqulu Bağırovun etdiyini deyir: “2018-ci ildə prezident seçkilərinə hazırlıq dövründə nazir Əkbər Həsənovu çağırıb, 265 min pul istəmişdi. Bunun 215 mini Salyanda iki zavodun tikintisi, 50 min də prezident seçkilərinə görə idi. Əkbər Həsənov nazirin sözünü mənə çatdıranda dedim ki, çox risklidir. Hər ikimiz işdən çıxmaq istəyirdik. Amma Əkbər deyirdi ki, heç cür Hüseynqulu Bağırovun əlindən qaça bilmərik. İstədiyini edə bilirdi. Əkbər işlədiyimiz firmalardan birinin rəhbəri Vüqardan 10-12 faizlə pulu alıb, nazirə verdi. Dəfələrlə Əkbərə dedim elədim ki, bu pulu qaytara bilməyəcəyik. Cavab verirdi ki, nazirlə danışıb. Hüseynqulu Bağırov prezident seçkisindən sonra yenə nazir təyin edilsə, pulu tam qaytaracağına söz vermişdi. Amma pulu verəndən bir neçə ay sonra vəzifədən çıxarıldı”.

İlqar Hacıyevin sözlərinə görə, pulu qaytarmaq üçün saxta maaş kartlarını sayını artırıblar, bundan da Əkbər Həsənovun xəbəri olub. O iddia edir ki, bəzi vakansiyalara heç işçi götürülmürmüş. Məsələn, sovet dövrndən qalan topçulara, raketçilərə, mühəndislərə maaş ayrılırmış.

İlqar Hacıyev deyir ki, kartlarsan çıxarılan pullardan hər ay 10 min manat Hüseynqulu Bağırova verdiklərindən işdə heç bir problem yaranmırmış. Amma yeni nazirin təyinatı hər şeyi korlayıb. Audit yoxlaması təyin olunub, yeyinti üzə çıxıb: “Biz aldığımız borcu qaytarmağa tələsirdik, özümüzə qazanc da götürmürdük. Yoxlamalardan sonra hər şey üzə çıxanda Əkbərlə Hüseynqulu Bağırovun qəbuluna getdik. Qərb Universitetinin qarşısında gözlədik, amma bizi qəbul eləmədi. Onun mətbuatdakı işlərinə baxan bir nəfərlə görüşdük, baş verənləri ictimailəşdirəcəyimizi dedik. Bundan sonra Hüseynqulu Bağırovun vəkili bizimlə əlaqə saxladı, 300 min manatı verdi. Yəni Əkbər Hüseynqulu Bağırovun verdiyi 300 mini öz adından ödəyib. Keçmiş nazir qalan hissəsini də ödəməliydi, amma vermədi”.

İlqar Hacıyev daha susmaq istəmədiyini söyləyib. Onun sözlərinə görə, Əkbər Həsənovdan savayı, qalan üç nəfərin heç bir günahı yoxdur: “Əkbər indi həqiqətləri danışmır, ad çəkmir. Biz dəfələrlə rayonlardan Hüseynqulu Bağırovun üzüm bağları üçün peyin axtarmışıq. Nazirin Qərb Universitetinin yeni korpusu tikiləndə nə qədər işləri biz görmüşük. Bunlar havayı deyildi. Pulsuz bu işləri görmək olardı? Daha susmaq yoxdur. Ya mən və digər təqsirləndirilən şəxslər bəraət alacağıq, ya da Əkbər Həsənov və Hüseynqulu Bağırov da həbs olunacaq”.

İlqar Hacıyev söylədiklərini sübut edən səs yazıları və telefon danışıqları olduğunu bildirib. Əkbər Həsənov isə suallara cavabında 451 min manatın internet, telefon xətləri, kommunikasiya işləri, itkin düşən alpinistlərin axtarışı və başqa məqsədlər üçün xərcləndiyini deyib. O, 80 nəfərin adına kart açılmasından xəbərsiz olduğunu bildirib: “Mən 25-30 kart bilirdim. O kartlara da ayda 6-7 min manat yığılırdı. 80 kartdan xəbərim yoxdur”.

Əkbər Həsənov qalan kartlara görə İlqar Hacıyevi günahlandırıb. Keçmiş direktor 265 min manat haqda sualı cavabsız qoyub: “Bütün işlər görülüb. Etiraf edirəm ki, sənədləşmə işləri aparılmayıb. Buna görə də indi həmin məbləğ mənimsəmə və israf etmə kimi qiymətləndirilir. Nazirə demirdim, öz işimizin xətrinə edirdim. İlqara dedim ki, artıq olan olub, keçən keçib, biz 151 min manatı ödəməliyik. İlqar da həmin pulu ödəyəcəyi haqda istintaqa ərizə yazdı. Amma ödəmədi deyə, iş bu yerə gəlib çıxdı”.

Təqsirləndirilən şəxslərə CM-in 179.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 431 10.03.20 23:14