Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov uruqvaylı həmkarı Rodolfo Nin Novoa ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin uğurlu inkişafı təqdir edilib və əməkdaşlığı daha da inkişaf etdirmək niyyəti ifadə olunub.
İqtisadi, kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, mədəniyyət və turizm sahəsində mövcud olan geniş əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi və bu istiqamətdə konkret addımlar atılmasının vacibliyi vurğulanıb.
E.Məmmədyarov Azərbaycanın ötən il Uruqvaya ən çox neft ixrac edən 5 ölkədən biri olması faktının ikitərəfli ticarət əlaqələrinin inkişafı istiqamətində uğurlu nümunə olduğunu qeyd edib. Latın Amerikasının bir sıra dövlətlərinin artıq Azərbaycan ərazisindən keçən tranzit-nəqliyyat infrastrukturdan yararlanaraq, Asiya regionuna çıxış əldə etdiyini qeyd edib və Uruqvay tərəfinin də bu imkanlardan istifadə etməsinin mümkünlüyünü bildirib.
Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verib və Uruqvayın münaqişənin həllinə dair beynəlxalq hüquqa əsaslanan mövqeyini məmnunluqla qarşılandığını ifadə edib.
Öz növbəsində, R.Novoa, ümumiyyətlə, Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətində olduqlarını qeyd edib. Münaqişə mövzusunun ölkəmiz üçün həssaslığını anladıqlarını vurğulayan nazir ölkəsinin beynəlxalq hüquqa və hər iki dövlətin üzv olduğu beynəlxalq təşkilatlar tərəfdən qəbul edilmiş sənədlərə əsaslanan mövqeyinin dəyişilməz qalacağını bildirib.
E.Məmmədyarov Azərbaycan və Uruqvay arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın olduğunu, beynəlxalq gündəmdəki əksər məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü qeyd edib. Qoşulmama Hərəkatının cari ilin oktyabr ayında Bakıda keçiriləcək zirvə toplantısında Uruqvay tərəfinin də yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və Uruqvay Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında əməkdaşlıq imkanlarının dəyərləndirilməsi razılaşdırılıb.