Prezident İlham Əliyev bu gün bir qrup hərbçini təltif edib.
Onlardan biri də ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunmuş leytenant Xudiyev Vilayət Yunus oğludur.
1958-ci il sentyabrın 14-də Qazaxda anadan olan Vilayət Xudiyev səkkizillik məktəbi bitirdikdən sonra Bakıda uçot-iqtisadiyyat kursunu başa vurub, təhsilini Politexnik Texnikumunda davam etdirib.
V.Xudiyev 1979-1981-ci illərdə Soçidə hərbi xidmətdə olub. Dövlət Aqrar Sənaye Nazirliyində işlədiyi müddətdə hərbi komissarlıq tərəfindən ona xüsusi tapşırıq verilib.
O, xüsusi təyinatlı desant zabit qrupları yaratmaq məqsədilə batalyon komandiri təyin edilərək Ağdərə rayonunun Drambon kəndinə göndərilib. V.Xudiyev Qarabağ uğrunda döyüşlərdə xüsusi bacarıq göstərib.
O, bütöv bir batalyonu qanlı döyüşdə ağır itkilərdən xilas etsə də, özü 1992-ci il oktyabrın 8-də qəhrəmancasına həlak olub. Hərbi qulluqçunun ölüm şəhadətnaməsi 1992-ci il oktyabrın 14-də verilib.
Şair-publisist Fəridə Ləmanın 1995-ci ildə çapdan çıxan “Qazax mahalının şəhidləri” kitabında şəhid haqqında ətraflı məlumat verilib.