Türkiyədə İzmirin Aliağadakı mərasim meydanında Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib.
“Report”un Türkiyə bürosunun məlumatına görə, mərasimdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov iki ölkənin həyata keçirdiyi birgə transmilli layihələrin bütün region üçün yeni imkanlar yaratdığını bildirib:
“Müasir Azərbaycan dövlətçiliyinin memarı olan Heydər Əliyev Azərbaycan və Türkiyə arasındakı möhkəm münasibətlərin təməlini qoyub. Bu gün iki ölkənin birlikdə həyata keçirdiyi transmilli layihələr yalnız Azərbaycan və Türkiyə deyil, bütün region üçün yeni imkanlar yaradır. Ümummilli lider Heydər Əliyevin anım günündə Azərbaycan və Türkiyənin Ulu öndərləri, iki dahi şəxsiyyət Heydər Əliyev və Mustafa Kamal Atatürkün büstlərinin açılışının edilməsi xüsusilə önəmli bir hadisədir”.
İzmir böyük şəhər bələdiyyəsinin sədri Cəmil Tuqay qardaş ölkələrin dəyərli şəxsiyyətlərinin büstlərinin açılışında iştirak etməkdən məmnunluğunu bildirərək Azərbaycan-Türkiyə bağlarının sarsılmazlığından söz açıb.
İzmir valisinin müavini Kamil Kötən Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq ikitərəfli münasibətlərin daim inkişaf etdiyini vurğulayıb və SOCAR Türkiyə şirkətinin fəaliyyətinin qürurverici olduğunu da dilə gətirib.
SOCAR Türkiyə şirkətinin icraçı direktoru Elçin İbadov Ulu Öndərin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında tarixi roluna toxunaraq onun uzaqgörənliyi və müdrikliyinin ikitərəfli münasibətlər üçün möhkəm təməl olduğunu qeyd edib.
Protokol çıxışlarının ardından Ümummilli lider Heydər Əliyevin və Türkiyənin banisi Mustafa Kamal Atatürkün büstlərinin açılışı olub. Abidələr önünə gül çələngi qoyulub.
Tədbir Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərginin nümayişi ilə başa çatıb.