Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyevanın sabah qız toyu olacaq.
Median.Az xəbər verir ki, ötən həftənin bazar günü fitnes müəllimi Kənan Əliyevlə nikaha girən Aynişanla bağlı anası sosial media hesabında səmimi və duyğusal paylaşım edib.
“Bu da ömrümün son, ən böyük imtahanı. Səni sevdiyinin mənzilinə yola salıram, qızım. Bilmirəm ürək sözlərimi, arzularımı haradan başlayıb, harada bitirim. Titrəyən əllərim hərflərin əlində bahar yelinə bənzəyir. Özüm isə donmuşam. Nə baş verir? Sən doğrudan böyüdün, qızım? Yoxsa mən qocalmışam? Əllərim niyə belə əsməyə başladı? Yoxsa səni 28 il qucağımdan, bağrımın başından qoparıb...
Nə yaman çətinmiş sən demə... Həyatın ən çətin imtahanı buymuş. Hər səhər yuxudan oyadanda, ayaqlarının altında ölməsəm, ürəyim rahat olmurdu balam. Sənin doğum günün, doğum günümə çevrilən balam. Ən böyük sevgilim. Bilirsən? Sən mənim ürəyimdə məskən quranda ürəyimdə dedim: “Sən mənimsən, mənim”
Səni bütün günü sevdim. Əlini sevdim, üzünü sevdim, gözlərini, o bapbalaca vuran ürəyini sevdim. Hal-hazırda bu sətrləri göz yaşlarımda boğularaq yazıram. Amma qurban olum, sən ağlama. Sən heç vaxt ağlama. Sənin gözlərindən sevinc yaşları axsın. Bilirsən niyə kövrəldim? Çünki bir vaxtlar sağ qalacağıma, bu günü görə biləcəyimə heç ümidim yox idi. Şükür bu günə. Allah sayəndə Kənan kimi dəyərli bir oğul bəxş etdi mənə. Şükür ki, igidin əmanətini igidə əmanət edirəm. Kənan, balama yaxşı bax, oğlum. O, mənim varım-yoxum, bircə balamdır. Allah sizi xoşbəxt etsin”.
Qeyd edək ki, cütlüyün oğlan toyu fevralın səkkizində paytaxt restoranların birində baş tutacaq. Bir çox sənət adamlarının və məşhur simaların iştirak edəcəyi hər iki məclis mediaya qapalı keçiriləcək.//oxu.az