Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimin niyyətinə uyğun olaraq qoşunlar silah və texnikanın tətbiqi ilə dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmənin əsas qüvvələrinin darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və strateji cəhətdən əlverişli rayon və hədlərin ələ keçirilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üzrə təlim-döyüş tapşırıqlarını məşq ediblər.
Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçirilən təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili üzrə tapşırıqlar icra edilib.
Təlimdə qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilib.
Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçirilib.
Bölmələr döyüş atışları və atəşlə manevrlər yerinə yetirərkən əsas diqqət müasir silah və hərbi texnikanın tətbiqi ilə taktiki tapşırıqların icrasına yönəldilib.