Fevralın 8-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bununla bağlı President.az məlumat yayıb.
Emoməli Rəhmon İlham Əliyevi prezident seçkisində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.
Tacikistanın dövlət başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illər bütün sahələrdə böyük nailiyyətlər qazanması və Azərbaycanın dünyada nüfuzunun daha da artmasının əhəmiyyətini vurğulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
Azərbaycan və Tacikistan Prezidentləri dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildirərək, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
* * * * *
Fevralın 8-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
President.az xəbər verir ki, Qırğızıstan Prezidenti İlham Əliyevə prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb. Sadır Japarov dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının önəmini bir daha qeyd edərək, ölkəmizdə sürətli inkişaf proseslərinin getdiyini və beynəlxalq mövqelərinin daha da gücləndiyini vurğulayıb.
Qırğızıstanın dövlət başçısı ikitərəfli münasibətlərimizin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu ehtiramla qeyd edib.
Sadır Japarov Prezident İlham Əliyevə Azərbaycanın tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.
Telefon söhbəti zamanı Azərbaycan və Qırğızıstan prezidentləri ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminliklərini bildirib və əlaqərimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
* * * * *
Fevralın 8-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
President.az xəbər verir ki, Qazaxıstanın dövlət başçısı İlham Əliyevi prezident seçkisində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin hərtərəfli inkişafı və tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıb. Kasım-Jomart Tokayev dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə böyük uğurlar qazanması və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinin önəmini qeyd edib.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycan-Qazaxıstan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
* * * * *
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti seçkisində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu münasibətlə ən xoş arzularımı qəbul edin.
Qardaş Azərbaycanın ali dövlət vəzifəsinə yenidən seçilməyiniz Azərbaycan cəmiyyətinin Sizə olan yüksək etimadının daha bir inamlı təsdiqidir və ölkənin ardıcıl sosial-iqtisadi inkişafına, həmçinin dövlətinizin beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strateji kursunuzun xalqınız tərəfindən geniş şəkildə dəstəklənməsinin göstəricisidir.
Sizin Tacikistan-Azərbaycan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və dərinləşməsinə sanballı şəxsi töhfənizi vurğulayaraq bu əlaqələrin gələcəkdə də hərtərəfli inkişafına marağımızı ifadə edirəm.
Əminəm ki, biz gələcəkdə də birgə səylərlə iki ölkənin çoxplanlı qarşılıqlı münasibətlərini inkişaf etdirəcəyik, xalqlarımızın rifahı naminə bu əməkdaşlığı yeni praktiki məzmunla zənginləşdirəcəyik.
Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və təşəbbüslərinizin reallaşdırılmasında yeni böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram”.
* * * * *
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Müstəqillik dövründə ilk dəfə ölkənizin bütün ərazisində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkisində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Səsvermə zamanı seçicilərin nümayiş etdirdikləri güclü dəstək cəmiyyətin birliyini və Sizin Azərbaycan xalqı arasında yüksək nüfuzunuzu bir daha çox aydın şəkildə təsdiq etdi.
İyirmi il ərzində Sizin qətiyyətiniz, yüksək siyasi mədəniyyətiniz, xalqınızın səsini eşitmək bacarığınız sayəsində dünyada rəyi ilə hesablaşılan güclü, müstəqil dövlət qurulmuşdur. İqtisadi tərəqqi və vətəndaşların rifahının yüksəlməsi, ölkənin suverenliyinin möhkəmlənməsi və beynəlxalq aləmdə rolunun artması haqlı olaraq Sizin adınızla bağlıdır. Belarusun timsalında Sizin ədalətli və bərabərhüquqlu dövlətlərarası münasibətlərin qurulmasına, təhlükəsizliyin, dialoqun və etimadın möhkəmləndirilməsinə yanaşmaları bölüşən etibarlı dostunuz vardır.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və dost Azərbaycan xalqının rifahı naminə bütün planlarınızı həyata keçirmək üçün tükənməz enerji arzulayıram.
Sizi qonaqpərvər Belarus torpağında salamlamaqdan həmişə məmnunam”.
* * * * *
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Azərbaycan Respublikasında yüksək səviyyədə keçirilən prezident seçkisində inamlı qələbəniz münasibətilə Sizi - əziz Qardaşımı səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən sonsuz məmnunluq duyuram.
Bu seçkidə Sizin namizədliyinizin əhali tərəfindən hərtərəfli dəstəklənməsi xalqınızın irəli sürdüyünüz strateji proqram və planlara sonsuz inamının əyani təzahürüdür. Bu, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olması, ölkənizdə bütün sahələrdə aparılan genişmiqyaslı islahatlar və böyük quruculuq işləri ilə bilavasitə bağlıdır desəm, əsl həqiqəti ifadə etmiş olaram.
Bu gün Sizin - öz xalqının həqiqi müdrik liderinin, vətənpərvər və fədakar, görkəmli siyasi xadiminin rəhbərliyi ilə Azərbaycan dövləti şanlı zirvələri fəth edir və onun beynəlxalq arenada nüfuzu, etibarı getdikcə artmaqdadır. Heç şübhəsiz, Sizin bu yüksək vəzifədə fəaliyyətiniz dövlətçiliyin əsaslarının hərtərəfli möhkəmlənməsinə və cəmiyyətin müasirləşməsinə, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə, ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasına xidmət edəcəkdir.
Əziz qardaşım, bu məqamda xüsusi qeyd etmək istərdim ki, son illərdə bizim ali səviyyədə fəal təmaslarımız və aramızda olan sıx qardaşlıq münasibətlərimiz, həyata keçirilən konkret layihələr və “yol xəritələri” qarşılıqlı faydalı əlaqələrimizə güclü təkan verir.
Sizinlə razılaşdığımız kimi, Özbəkistan və Azərbaycan arasında çoxtərəfli əlaqələrin sürətli inkişafı ili elan edilən cari il ərzində daha on yeni sahə üzrə, o cümlədən kimya, neft-qaz, mədənçıxarma, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, əczaçılıq, tikinti materialları və bank-maliyyə sahələrində əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş böyük planlarımızın tam şəkildə həyata keçiriləcəyinə inanıram.
Əminəm ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində uzunmüddətli strateji tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi rifahı naminə bundan sonra da səmərəli şəkildə inkişaf edəcəkdir.
Heç şübhəsiz ki, Zati-alinizin gələcəkdə ölkəmizə həyata keçiriləcək səfəri mövcud potensialımıza və imkanlarımıza uyğun olaraq çoxşaxəli və dostluq əlaqələrimizi tamamilə yeni səviyyəyə ucaldacaqdır.
Hörmətli İlham Heydər oğlu, bu mühüm qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz güc-qüvvət, ailə səadəti, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram”.