Mojo.az Banner
23:00 İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir  |     22:51 Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi  |     22:32 Üçüncü günün duası - İmsak və iftar vaxtı  |     22:25 Sakinləri narahat edən şlaqbaumlar söküldü  |     22:13 “Uşaq “Lego” ilə böyüyürsə, dünyası xarici obrazlarla formalaşır”  |     22:05 Yasamaldakı meşəlikdə bina tikiləcək? - Video  |     22:00 “Apple” yeni AI cihazlarını təqdim edəcək - Bu tarixdə  |     21:53 Azərbaycan Qran-Prisinin yeri dəyişdirilə bilər - Bakıdan süni adaya  |     21:48 Epşteynin qurbanlarına milyonlarla dollar ödəniləcək  |     21:39 Dini Komitənin iftar süfrələri 80 faizdən çox bahalaşdı  |     21:37 8 gün yatmayanda nələr baş verir?  |     21:34 "Dominos Pizza"da 5500 manatlıq oğurluq  |     21:25 Gömrük terminalında maşının altından meyit tapıldı  |     21:20 Azərbaycan daha bir tədbirə ev sahibliyi edəcək  |     21:14 Ukraynada 36 milyonluq korrupsiya: Direktor həbs olundu  |     21:13 Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT  |     20:54 Fransada büdcə qalmaqalı: Senat "yox" dedi, Makron imzaladı  |     20:42 Azərbaycanda qeydiyyatda olan nə qədər işsiz var?  |     20:34 8-ci sinif şagirdi mağazadan pul oğurladı - Gecə klublarında spirtli içkilərə xərclədi  |     20:31 Bir milyon manatlıq DƏLƏDUZLUQ İDDİASI: Məşhur məmur oğlunun məhkəməsi davam edir  |    
Left Banner
Right Banner

Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının konfrans iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

20.11.2023 12:37 2 313
Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının konfrans iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
Prezident İlham Əliyev noyabrın 20-də Bakıda keçirilən Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Bu barədə President.az xəbər verir.

Müraciətdə deyilir:

“Hörmətli konfrans iştirakçıları,

Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən Konfransda sizi salamlayıram.

Üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycan 2019-cu ildə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının sədri seçilib. Sədrliyimizin müddətinin yekdilliklə 2023-cü ilə qədər bir il daha uzadılması Azərbaycanın Hərəkat çərçivəsində fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Biz ölkəmizə olan bu etimadı yüksək qiymətləndiririk.

Azərbaycan sədrliyi dövründə Bandunq Prinsiplərinə sadiq qalaraq Qoşulmama Hərəkatının gündəliyinin irəlilədilməsi və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində mühüm səylər göstərib.

Qeyd etmək lazımdır ki, məhz Qoşulmama Hərəkatı COVID-19 pandemiyasına qarşı qlobal səylərin səfərbər olunmasında aparıcı rol oynayıb. 2020-ci ilin dekabr ayında Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyası təşkil edilib.

Biz bəzi ölkələrin yürütdüyü “vaksin milliyyətçiliyi” siyasətinə səssiz qalmadıq və vaksinlərin ədalətli şəkildə bölüşdürülməsini təşviq etdik. Humanist dəyərləri əsas götürərək Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərdi. Bununla yanaşı, bu il Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul etdi.

Sədrliyimiz dövründə Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində də mühüm addımlar atılmışdı. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis edilib. Bu ilin iyul ayında Hərəkatın Bakıda keçirilmiş konfransı zamanı Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifi tərəfimdən irəli sürülüb.

Həmçinin, Azərbaycan sədrliyi dövründə dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırıb. Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik.

Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərib. Bu xüsusda, konfransa paralel olaraq müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıram.

Qadınların hüquqlarının müdafiəsi, cəmiyyətdə rolunun gücləndirilməsi Qoşulmama Hərəkatının gündəliyində önəmli yer tutur. Hərəkat tərəfindən ardıcıl olaraq qəbul edilmiş sənədlərdə, o cümlədən 2019-cu il Bakı Zirvə toplantısının yekun sənədində bu mövzuya xüsusi diqqət yetirilib və bu sahədə üzv dövlətlərin öhdəlikləri müəyyən edilib.

Qadınların ictimai, siyasi, sosial və humanitar sahələrə, o cümlədən elm və maarifçiliyin inkişafına verdikləri böyük töhfələr danılmazdır. Əsrlər boyu Azərbaycan qadınları zəngin mədəniyyətimizin, ənənələrimizin və ailə dəyərlərimizin qorunmasında, milli köklərinə sadiq nəslin yetişdirilməsində vacib rol oynayıb. Hələ 1901-ci ildə müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb məhz Bakıda açılıb. Azərbaycan əksər Avropa ölkələrini qabaqlayaraq 1919-cu ildə müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk respublika olub.

Azərbaycanda qadın hüquqlarının təmin olunması və onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzindədir. Bu gün də Azərbaycan qadınları elm, təhsil, səhiyyə, incəsənət və digər sahələrdəki əzmkar və çoxşaxəli fəaliyyətləri ilə ölkəmizin rifahına və tərəqqisinə dəyərli töhfələr verirlər. Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin 63 faizini qadınlar təşkil edir. Dövlət tibb müəssisələrinin tibbi kadrlarının 70 faizi qadındır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 40 faizdir. Dövlət tərəfindən özünüməşğulluq proqramlarına göstərilən dəstək tədbirləri nəticəsində fərdi sahibkar qadınların sayı artmaqdadır.

Torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad olunması, tarixi Zəfərin qazanılması Azərbaycan qadınlarının vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların sayəsində mümkün olub.

Hazırda Azərbaycanın sosial-iqtisadi inkişafının əsas prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərə böyük qayıdışı təmin etməkdir. Bu xüsusda, dədə-baba yurdlarına qayıdan keçmiş məcburi köçkün qadınlara iş imkanlarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Qoşulmama Hərəkatı qadınların hüquqlarının müdafiəsi sahəsində vacib rol oynamaq imkanına malikdir. Qoşulmama Hərəkatının Qadınlar Platformasının təsis edilməsi bu istiqamətdə fəaliyyətə müsbət təkan verəcək.

Qoşulmama Hərəkatına sədrliyimizin sonu yaxınlaşmaqdadır. Böyük qürur hissi ilə qeyd edirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının ən gənc üzvlərindən biri olmasına baxmayaraq, sədrliyi təhvil alacaq növbəti ölkələrə uğurlu miras qoyacaq. Ölkəmiz bundan sonra da Qoşulmama Hərəkatının məqsədlərinin və məramının beynəlxalq səviyyədə təşviq edilməsi istiqamətində səylərini davam etdirəcək.

Əminəm ki, bu əlamətdar konfrans qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması üçün əhəmiyyətli platforma rolunu oynayacaq və bu sahədə birgə fəaliyyətin aparılması üçün Qoşulmama Hərəkatının tarixində yeni bir dövrün başlanğıcının əsasını qoyacaq.

Konfransın işinə uğurlar və qonaqpərvər Bakı şəhərində xoş vaxt keçirməyi arzu edirəm”.

* * * * *

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransında iştirakçılara müraciət ünvanlayıb.

“Report” xəbər verir ki, dövlət başçısının müraciətini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oxuyub.скачать dle 11.3
Mojo.az Banner