Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axarışı İdarəsi və Gəncə ŞBPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də mağazaların birindən 130 manat, tütün məmulatı və ərzaq məhsulları oğurlayan şəhər sakinləri, əvvəllər məhkum olunmuş S.Əliyev və X.Ağayev saxlanılıblar.
Bundan başqa, Nizami RPİ-nin əməkdaşları tərəfindən ötən il iyulun 5-dən bu il yanvarın 31-dək olan müddətdə rayon ərazisində bir avtomobildən geyim əşyaları, bir nəfərin velosipedini oğurlayan, habelə vətəndaş H. Tağıyevə qarşı dələduzluq edən Gəncə şəhər sakini X.Pənahov saxlanılıb.
Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il avqustun 27-də vətəndaş V.Həşimova məxsus “VAZ-2107” markalı avtomobildən akkumulyator oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.
Araşdırma zamanı onun, şəhər ərazisində “Cherry” markalı avtomobilin ön dövlət qeydiyyat nişanını, bir həyətyanı sahədən su çəni və bir evdən
51 manat pul oğurlaması məlum olub.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.