Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Azər Adıgözəlovun CM-nin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq olunmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu il avqustun 30-da 8-ci kilometr qəsəbəsində Bakı şəhər sakini Mənzurə Kərimova Nizami RPİ 25-ci polis şöbəsinə müraciət edərək, Nəsimi və Şərifli küçələrinin kəsişməsində naməlum şəxsin ona hücum etdiyini, əlində olan küt alətlə başına zərbələr endirdiyini və qulağında olan qızıl sırğanın bir tayını götürərək hadisə yerindən qaçdığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən əvvəllər məhkum olunmuş Azər Adıgözəlov saxlanılıb. Araşdırma zamanı, onun qadına selofan paketin içində gizlətdiyi daş parçası ilə xəsarət yetirməsi məlum olub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.