Ali Məhkəmədə Sabirabad rayon sakini Elnur Nəhmətovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ittiham aktına görə, ötən il martın 11-i gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayonu, M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Bakı şəhər sakini, 54 yaşlı Yalçın Qocayevə, baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Aldığı xəsarətdən Yalçın Qocayev hadisə yerində ölüb. İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, Yalçın Qocayev həmin binada tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla yeyib-içib. Aralarında baş verən mübahisə zamanı Elnur Nəhmədov ona ölümünə səbəb olan zərbələr endirib.
Nəsimi rayon prokurorluğu E.Nəhmətova CM-nin 120.2.2.(xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), digər şəxslərə isə CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Nəhmətov 5 il, Ruslan Məmmədov 2 il 6 ay və Pərviz Hüseynov 2 il müddətinə azadlıqdan məhrum olunublar. Qeyd edək ki, məhkəmə Nəhmətovun əməlini CM-nin 120.2.2-ci maddəsindən 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edib.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verərək, Elnur Nəhmətovun cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin təqsirləndirilən şəxslər də apellyasiya şikayətləri veriblər. Nəhmətov cəzasının daha yüngül cəza ilə əvəz edilməsini, digər məhkumlar isə barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə protest və şikayətlər təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.
Bundan narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib.
Ali Məhkəmə işin hallarını araşdıraraq, prokurorun protestini təmin etməyib.