Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri Mirsaleh Azərinin və Tehran Həmzəliyevin CM-nin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, prosesdə təqsirləndirilən Mirsaleh Azəri narkotik istifadəçisi olduğunu etiraf etsə də, onun satışı ilə məşğul olmadığını bildirib. Onun sözlərinə görə, internatda böyüyüb, dostlarının köməkliyi ilə 1800 manata “Opel” markalı avtomobil alaraq, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olub. M.Azəri qeyd edib ki, aşkar edilən narkotik vasitəni ona pulu olmayan, tanımadığı bir müştəri yol haqqı əvəzinə verib.
Təqsirləndirilən T.Həmzəliyev özünü təqsirli bilməyərək, qeyd edib ki, narkotiklə ümumiyyətlə əlaqəsi yoxdur. Sadəcə polislər Mirsalehi saxlayan zaman, o tanışının avtomobilində olub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 5 il müddətinə azadlıqdan məhrum olunub.