Səbail rayon Məhkəməsində CM-nin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilən Dilsuz Dəmirçiyevin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Bakı şəhər prokurorluğunun təqdimatına baxılıb.
Median.Az xəbər verir ki, məhkəmə prosesi qapalı keçirilib, qərara əsasən təqdimat təmin edilib və təqsirləndirilən şəxs barəsində həbs-qəti imkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına köçürülüb.
Müəyyən edilib ki, bu il mayın 14-də Nərimanov rayonunda fəaliyyət göstərən “Ellips” gecə klubunun sahibi Dilsuz Dəmirçiyev şəriki, İran İslam Respublikasının vətəndaşı
Razlighi Ali Vakilini qanunsuz azadlıqdan məhrum edib və döyərək, ona xəsarətlər yetirib. Bununla əlaqədar zərərçəkmiş Bakı şəhər prokurorluğuna müraciət edib. Aparılan araşırma zamanı hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib və zəruri istintaq-əməliyyat hərəkətləri keçirilib. D.Dəmirçiyevin barəsində cinayət işi başlanılıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.