Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Astara rayon polis şöbəsinin əməkdaşları rayonun Ərçivan qəsəbəsində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş rayonun Ərçivan qəsəbə sakini Akif Kərimov saxlanılıb.
Ondan bir bükümdə 1,2 qram çəkidə psixotrop tərkibli metamfetamin, 2 ədəd siqaretə doldurulmuş qurudulmuş marixuana, 1 ədəd pnevmatik tapança və 1 ədəd tir tapançası aşkar olunaraq götürülüb.
Aparılan araşdırmalarla A. Kərimovun həmin psixatrop tərkibli maddəni Astara rayonunun Ərçivan qəsəbə sakini İbrahim Əliyevdən aldığı müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Əliyev 4,2 qram çəkidə narkotik vasitə olan tiryəki satarkan saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq onun Ərçivan qəsəbəsindəki yaşadığı evə baxış keçirilən zaman evin zirzəmisindən 4 bükümdə 5 kiloqram 200 qram çəkidə narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. Fakt üzrə Astara RPŞ-də araşdırma aparılır.