Daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a verilən xəbərə görə, avqustun 21-də Sabirabad rayon Ulacalı kəndində yaşayan bir nəfər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, bir gün əvvəl rayon ərazisində yerləşən Kapital banka məxsus bankomatdan təqaudünü almaq üçün ora yaxınlaşıb, tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb.
Çox keçmədən hesabında olan 187 manatın çıxarıldığını, həmin şəxsin onu aldadaraq soyğunçuluq etdiyini anlayıb.
RPŞ-nin əməkdaşlarının “isti izlərlə” keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 48 yaşlı İlqar Eminov saxlanılıb. Dindirilmə zamanı o törətdiyi əməli eritaf edərək bildirib ki, kartda olan 187 manatı bankomatdan çıxararaq mənimsəyib.
Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır. Saxlanılan şəxsin oxşar cinayətlərdə də iştirakı istisna edilmir.
Əgər İ.Eminovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Sabirabad Rayon Polis Şöbəsinə (021)2355203 şəhər və (070)2055203 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.