Median.Az xəbər verir ki, Xətai RPİ 36-cı polis bölməsi, Suraxanı RPİ 33-cü polis bölməsi və Nizami RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 11-də Bakı şəhər sakini A.Mustafayevanın, içərisində 50 dollar və 90 manat pul, habelə 750 manat dəyərində qızıl əşyalar olan sellofan torbasını soyğunçuluq yolu ilə ələ keçirən paytaxt sakinləri Emin Səlimov və Aleksandr Baratov saxlanılıblar.
Araşdırma zamanı onların Suraxanı rayonu ərazisindən 4 velosiped, habelə 1 evdən istilik radiatoru və avtomobildən 50 manat pul oğurlamaları müəyyən edilib.
Faktla bağlı CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq, təkrar törədildikdə) və 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəlləri ilə cinayət işi başlanılıb, istintaq gedir.