Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Ağsu RPŞ-nin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş rayon sakini Elçin Abbasovu saxlayıblar. Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 620 qram qurudulmuş marixuana aşkar edilərək, götürülüb.
Bundan başqa, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Masallı rayonunun Səmidxan kənd sakini Yadigar Süleymanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilib.
Tərtər RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buruc kənd sakinləri Rasim Şahsuvarova məxsus həyətyanı sahədən 23 ədəd çətənə kolu və 7,498 qram marixuana və Müşfiq Əliyevin evinə baxış zamanı oradan 8,648 qram marixuana, 511,96 qram tiryək və 26,125 qram heroin aşkar ediblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.