Median.Az xəbər verir ki, iyulun 18-nə keçən gecə Yeni Gəncə qəsəbəsi ərazisində oyun zallarının birindən oğurluq edilməsi barədə DİN "102-Zəng Mərkəzi" Xidmətinə müraciət daxil olub. Nizami RPİ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin obyektdən damı sökmək yolu ilə 4 ədəd televizorun və 4 oyun aparatının oğurlanması məlum olub. Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində Gəncə şəhəri sakinləri Orxan Həsənov, Emil Quliyev və əvvəllər məhkum olunmuş Ruslan Nəzərov saxlanılıblar.
Bundan başqa, Xətai RPİ 34-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-də Əhmədli qəsəbəsində evlərin birindən 5000 manat dəyərindən qızıl əşyalar oğurlayan Yevlax rayon sakini Elşad Əliyevi saxlayıblar.
Xəzər RPİ 2-ci polis bölməsinin əməkdaşları əməliyyat tədbiri nəticəsində iyulun 17-dən 22-dək bir mağazadan, bir oyun salonundan və bir evdən məişət əşyaları və tütün məmulatları oğurlayan Bakı şəhər sakini Elvin Kərimovu saxlayıblar, Binəqədi RPİ 4-cü polis bölməsinin əməkdaşları iyulun 22-də rayon ərazisindəki zavodun ərazisindən 4 ədəd termoplast, 1 ədəd patronlu toma, 1 ədəd müstəvi pardaxlama, 1 ədəd toma və 1 ədəd yivaçan torna aparatlarını oğurlayan Abşeron rayon sakinləri Ümid Səfərov və Orxan Babayevi saxlayıblar, Abşeron RPİ-də əməliyyat tədbiri nəticəsində aprelin 2-də Xırdalan şəhərindəki mağazaların birindən 880 manat oğurlayan Yardımlı rayon sakini olan bir yeniyetməni saxlayıblar. Onun cari ilin fevral-iyun aylarında daha 2 mağazadan və 1 avtomobildən pul, noutbuk, siqaret və məişət əşyaları oğurlaması müəyyən edilib,
Yevlax RPŞ-nin əməkdaşları rayon ərazisindəki qəbirstanlıqların birində qəbirlərin ətrafında quraşdırılmış metal çəpərlərini oğurlayan rayon sakinləri Sadəddin Əhmədov və Mahir Məmmədovu saxlayıblar, Nizami RPİ-nin əməkdaşları iyulun 8-də rayon ərazisindəki mağazaların birindən 270 manat, siqaret və ərzaq məhsulları oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Fətullayevi saxlayıblar, Lənkəran RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 16-da evlərin birindən 10.000 manat dəyərində qızıl əşyalar oğurlayan şəhər sakinləri Murad Rəhimlini, Vüqar Əliyevi və əvvəllər məhkum olunmuş Qoşqar Ağarzayevi saxlayıblar.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.