Gəncə Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı, 34 yaşlı Yazıçı Yakup Zulkif oğlunun CM-nin 263.3 (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ittiham aktına əsasən, 2011-ci il noyabrın 30-da Bakı-Qazax yolunun 450-ci kilometrliyində Ağstafa rayon sakini Xaliq Aslanovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil Türkiyə vətəndaşı Yazıçı Yakupun idarə etdiyi “Mercedes-Benz” markalı TIR yük avtomobili ilə toqquşub. Nəticədə “Jiquli”də olan bir ailənin 6 üzvü - sürücü X.Aslanov, Gülüzar Aslanova (1929-cu il təv.), Elza Aslanova (1958-ci il təv.), Mətanət Aslanova (2000-ci il təv.), Emin Aslanov (2004-cü il təv.), Teymur Aslanov (2009-cü il təv.) hadisə yerində ölüblər. Daha iki sərnişin - Xatirə Aslanova (1981-ci il təv.) və Aynur Aslanova (1986-cı il təv.) müxtəlif dərəcəli xəsarətlərlə
Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər ikisinin həyatını xilas etmək mümkün olub.
Faktla bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, yol qəzasının törədilməsində Yazıçı Yakup təqsirli bilinib, lakin sonuncu istintaq orqanından qaçıb gizləndiyi üçün, onun cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmayıb. 2015-ci ildə Yazıçı Yakupun barəsində İnterpol vasitəsi ilə axtarış elan edilib və o, 2017-ci ildə ölkə hüdudlarından kənarda həbs olunaraq Azərbaycana ekstradisiya olunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.