Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Famil Abduləzimovun (1987-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Median.Az xəbər verir ki, 2016-cı il mayın 18-də Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Dəmiryol yaşayış massivində Famil həyat yoldaşı Xalidə Günəşovaya balta ilə zərbələr endirərək, onu qətlə yetirib. Daha sonra o özünün qollarına və qarnına bıçaqla xəsarətlər yetirib, lakin vaxtında Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıldığı üçün həyatı xilas edilib. Sağalana kimi o palatada polis nəzarətində qalıb, sonra isə istintaq təcridxanasına köçürülüb.
İstintaqda dindirilmiş Famil Abduləzimov Xalidə Günəşovanı güya qısqanclıq zəmnində öldürdüyünü bildirib.
Məlum olub ki, Abduləzimov ilk dəfə 2009-cu ildə evlənib, iki övladı olub, 2012-ci ildə isə boşanıb. Həmin il Xalidə Günəşova Famil Abduləzimova qoşulub qaçıb. Ailələr əvvəlcə narazı olsa da, sonradan bu evliliyə razılıq veriblər. Lakin təqsirləndirilən şəxsin ilk evliliyini gizlətməsi sonradan ailə münaqişələrinə səbəb olub. Buna baxmayaraq Xalidə və onun ailə üzvləri Famili bağışlayıblar. Birinci arvadına aliment ödəmədiyi üçün 4 ay həbsxanada keçirib.
Məhkəmə prosesində Famil Abduləzimov ittiham üzrə özünü təqsirli bilməyib və əməlindən peşman olmadığını bildirib. Onun sözlərinə görə, arvadı əvvəlki evliliyini biləndən sonra münasibətlərində soyuqluq yaranıb: "Mənim bir dəfə evləndiyimi öyrənədən sonra münasibəti dəyişdi. Mənimlə çox suyuq davranırdı. Birinci ailəmə aliment ödəmədiyim üçün həbs olundum, 4 ay Şüvəlanda qaldım. Oradan qayıdanda münasibət kəskin vəziyyətə çatmışdır. Bir gün evdə olanda mənə dedi ki, "onsuz da səni yenə tutacaqlar. Ona görə də gedib öz həyatımı yaşayacam”. Əsəbləşdim, baltanı götürüb, vurdum, bir anın içində oldu, bilmədim”.
Növbəti proses iyulun 10-na təyin edilib.