Bir müddət öncə adı qalmaqallı hadisələrdə hallanan Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun keçmiş kürəkəni Elşən Əsgərlinin məhkəməsi başlayıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, E.Əsgərli keşmiş arvadının indiki ərini döyməkdə ittiham olunur. Xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlı Nərimanov Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.
İslam Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Proses aprelin 23-də davam etdiriləcək.
İttiham aktına əsasən, Elşən Əsgərli tanışları – Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə 7 yanvar 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində keçmiş həyat yoldaşının hazırkı əri Oqtay Əhmədova qarşı xuliqanlıq ediblər.
İstintaq araşdırması zamanı E.Əsgərli və digər şəxslərin O.Əhmədova qarşı xuliqanlıq etməsinə səbəbi məlum olub.
E.Əsgərli O.Əhmədovun və əmisi Şahin Əhmədovun haqqında, eləcədə onların ailə üzvləri barəsində sosial şəbəkələrdə təhqiredici ifadələr işlətməklə, məlumatlar yayıb.
Bununla bağlı Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində E.Əsgərli tanışları A.Nəsibov və N.Bayramlı ilə birlikdə həmin gün saat 18.30-da O.Əhmədovla görüşüblər.
Görüş zamanı O.Əhmədov E.Əsgərliyə hansı səbəbdən onun ailə üzvləri haqqında sosial şəbəkələrdə təhqiredici məlumatlar yaymaqla, onlardan əl çəkmədiyini və əmisi Şahin Əhmədovu təhqir etdiyini bildirib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı E.Əsgərli O.Əhmədovun üz nahiyəsinə bir yumruq zərbəsi vurub. O.Əhmədovu vuran E.Əsgərli daha sonra Vaqif küçəsində olan Azpetrol yanacaqdoldurma məntəqəsi istiqamətində qaçıb. O.Əhmədov da idarə etdiyi avtomobillə onun arxasınca düşüb.
Yanacaqoldurma məntəqəsinin yanında olan zaman O.Əhmədov mübahisəsini davam etdirib.
Bu zaman E.Əsgərli uca səslə O.Əhmədovun və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.
E.Əsgərli O.Əhmədovu yenə də vurmaq istəyərkən hadisə yerinə gəlmiş polis əməkdaşları – İlkin Həbibov və Rəsul Ağayev onu sakitləşəməyə çağırıblar, onun əl-qolunu tutaraq, O.Əhmədovu yenə də vurmaq istəməsinə imkan verməyiblər.
Bu vaxt E.Əsgərlinin tanışları – N.Bayramlı və A.Nəsibov münaqişəni sakitləşdirmək bəhanəsi ilə O.Əhmədovu bir qədər kənara çəkiblər. Orada A.Nəsibov O.Əhmədovun üz nahiyəsində bir kəllə vurub. Daha sonra A.Nəsibov və N.Bayramlı zərbənin təsirindən yerə yıxılmış O.Əhmədovun bədənini müxtəlif nahiyələrinə zərblər vurub.
Həmin vaxt polis əməkdaşlarının əlindən çıxan E.Əsgərli O.Əhmədova hücum edib, onun ailə üzvlərini nalayiq ifadələrlə söyüb.
Baş verən hadisə zamanı O.Əhmədov üz və bədən nahiyələrindən xəsarətlər alıb.
Qeyd edək ki, Elşən Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Ayselin birinci əri olub. O, boşanandan sonra Oktay Əhmədov ilə ailə qurub. Qüdrət Şükürov qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərcləməsi barədə mətbuatda məlumatlar yayılıb. Ailə isə bu informasiyanın şişirdildiyini açıqlayıb.