Ali Məhkəmədə Lənkəran şəhər sakini Murad Quluzadənin (1993-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə barəsində olan məhkəmə qərarından verilən protestə baxılıb.
Median.Az xəbər verir ki, ittiham aktına əsasən, 2012-ci il sentyabrın 26-da Moskva şəhərində Murad Quluzadənin əmisi oğlu Amil Quliyev "Rövşən Lənkəranski"nin yaxın adamı tərəfindən qətlə yetirilib. Quluzadə əmisi oğlunun ölümündə Lənkəran rayonunun Boladi kənd sakini Fariz İsmayilovun (1979-cu il təv.) iştirakı olduğunu güman edib və qisas məqsədilə onu qəsdən öldürmək qərarına gəlib.
4 ildən sonra, yəni 2016-ci il dekabrın 21-də Fariz İsmayılov idarə etdiyi “Volksvagen” markalı avtomaşına Masallı rayonunun Türkoba kəndində yerləşən marketlərdən birinə gəlib. Oradan çıxanda isə, əvvəlcədən izləyən Murad "UZİ" markalı tapança-pulemyotdan ona 24 dəfə atəş açıb. Fariz aldığı xəsarətdən hadisə yerində keçinib. Cinayəti törədən Quluzadə könüllü Masallı RPŞ-nə gələrək, təslim olub və silahı polis əməkdaşlarına təqdim edib. Fakta görə rayon prokurorluğunda CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin CM-nin 120.2.4-cü maddəsini 120.1-ci maddəsinə tövsif edib və təqsirləndirilən şəxsə 14 il azadlıqdan məhrumetmə cəzası təyin edib.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti, məhkum isə apellyasiya şikayəti verib.
Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən saxlayıb.
Dövlət ittihamçısı Ali Məhkəməyə kassasiya protesti verib.
Ali Məhkəmə prokurorun protestini təmin edib.Qərara əsasən, Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yeni baxışdan ötrü apelyasiya instansiyasına göndərilib.
Qeyd edək ki, Fariz İsmayılov “Piter Elçin” ləqəbi ilə tanınan Elçin İsmayılovun iki qardaşından biri olub. Bu hadisədən əvvəl onun digər qardaşı da öldürülüb.
"Piter Elçin" və "Rövşən Lənkəranski" arasında əvvəllər yaxın dostluq münasibətləri olub. Lakin sonuncunun yaxın adamı olan Amil Quliyevin (Amil Lənkəranskinin) qətlindən sonra, onlar düşmən olublar.