Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində insan sağlamlığına mənfi təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxs saxlanılıb.
Belə ki, Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Şöbəsinə (PŞ) Qalib adlı şəxsin rayon ərazisində civə satmaq istəməsi barədə məlumat daxil olub.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yerli idarəsi və Nizami RPİ-nin 25-ci PŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Qalib İbadov saxlanılıb. Polis Şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman 585 qram civə, bir ədəd kustar üsulla hazırlanan tapança və altı ədəd patron aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində civəni satmaq niyyəti ilə əldə etdiyini və bu məqsədlə Masallı rayonundan Bakıya gətirdiyini etiraf edib.
Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.