Qadının mobil telefonunu soyğunçuluq yolu ilə alan şəxsi yaxınlıqda olan polis əməkdaşları dərhal zərərsizləşdirib.
Median.Az ARB TV-yə istinadən xəbər verir ki, paytaxt sakini olan bir qadın martın 30-da Bakının Xətai rayonu, Sarayevo küçəsində hərəkətdə olan zaman naməlum şəxs ona qarşı zor tətbiq edərək cibində olan mobil telefonunu ələ keçirərək qaçmağa cəhd göstərib.
Zərərçəkənin səs-küyünə yaxınlıqda xidmət aparan Xətai Rayon Mühafizə İdarəsinin tağım komandiri, polis leytenantı Elvin İmanlı və polis serjantı Ceyhun Məmmədov dərhal reaksiya göstərərək soyğunçuluq edərək qaçan şəxsi təqib etməyə başlayıblar.
Polis əməkdaşlarının çevikliyi sayəsində qeyd edilən cinayəti törədən şəxs Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Axundov hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq 34-cü Polis Şöbəsinə təhvil verilib. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman zərərçəkənə məxsus telefon və bir ədəd bıçaq aşkar edilərək götürülüb.
Fərid Axundov (saxlanılan şəxs): “Ə, hə də qızın cibindən telefonu çıxaranda polis də tutdu, vəssalam. Satacaqdım. Üstümdə bıçaq var idi”.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsi müraciət edə bilərlər.