Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 14 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Saatlı rayon sakinləri, əvvəllər bir neçə dəfə məhkum olunmuş M.Məmmədov, X.Nuriyev və İ.Zeynalov sonuncunun idarə etdiyi “BMW” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Onların olduğu avtomobildən ayrı-ayrı bağlamalarda ümumi çəkisi 12 kiloqram 390 qram heroin, 1 kiloqram 150 qram tiryək, 1 kiloqram 100 qram psixotrop maddə metamfetamin, 1 ədəd balta, 2 ədəd bıçaq və 2 ədəd taxta dəyənək aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.