Paytaxtda yaşadığı qadının başını kəsən şəxsə hökm oxunub.
Baku TV xəbər verir ki, hadisə 2019-cu ilin sentyabrında baş verib.
Belə ki, həmin ilin sentyabrın 7-də könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gələn şəxs tanışı, 1984-cü il təvəllüdlü Günel Bağırovanı qətlə yetirdiyini bildirib və cinayətin aləti olan bıçağı polisə təqdim edib.
Məlum olub ki, həmin şəxs 1988-ci il təvəllüdlü, Ağdam rayonunda anadan olan, Sabunçu qəsəbəsində yaşayan Xaləddin Hüseynovdur.
Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Мəhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Günel Bağırovanın ölümünə 11 ədəd deşilmiş-kəsilmiş yaraları ilə əlaqədar başın bədəndən natamam ayrılması və kəskin qanitirmə səbəb olub.
İstintaqla müəyyən edilib ki, sentyabrın 7-si saat 6 radələrində Xaləddin Hüseynov naməlum mənbədən əldə etdiyi güclü təsiredici maddə olan tramadolun təsiri altında, əvvəllər tanıdığı Günel Bağırovanın Sabunçu qəsəbəsi, Şəhər şossesi, 48 saylı evinə gəlib.
Aralarında yaranmış mübahisə zamanı xuliqanlıq niyyəti ilə elektrik naqili ilə qadını boğaraq öldürmək istəyib, lakin əlində olan xəsarətlə bağlı naqil əlindən sürüşüb.
Sonuncunun yalvarışlarına baxmayaraq cinayətkar hərəkətlərini davam etdirərək, onun boynundan tutub və qəddarlıqla yataq otağından götürdüyü bıçaqla Günel Bağırovanın boğazını kəsib.
Bununla da Xaləddin Hüseynov zərərçəkmişi xuliqanlıq niyyəti və xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Xaləddin Hüseynov bildirib ki, Şəhər şossesi, 48 ünvanının yanında, qeyri-qanuni tikilidə valideynləri, arvadı və övladları ilə birlikdə yaşayıb.
Xaləddin Hüseynov bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, 2014-cü ildə Sabunçu rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum olunub.
Cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl, 2018-ci ilin fevral ayında azadlığa buraxılıb.
X.Hüseynov fəhləlik edib, hadisədən 2-3 gün öncə, evdə təmir edən zaman nərdivandan yıxıldığı üçün sağ əlinə gips qoyulub.
Günel Bağırovanı 15 ilə yaxındır tanıyır. O, anası və qardaşı ilə birlikdə Xaləddinin yaşadıqları məhəlləyə köçüb. Günel əvvəllər bir neçə dəfə məhkum olunmuş Asif adlı şəxslə yaşayıb. Hadisədən bir neçə ay əvvəl Asif yenidən həbs olunub.
Sentyabrın 6-sı saat 18 radələrində Xaləddin evdən Qazax rayonuna işləməyə getmək adı ilə çıxaraq, Günelin yanına gedib. Az sonra onun anası da evə gəlib.
Yeyib-içəndən sonra o, narkotik vasitə olan heroini qəbul edib. Səhər saat 4 radələrində Günel qısqanclıq mövzusunda söhbət açıb. Niyə arvadını ondan üstün tutduğunu, təkcə onunla yaşamadığını, evə gedəndə nə səbəbə görə mobil telefonunu söndürdüyünü soruşub. Həyat yoldaşını atıb, onunla birgə yaşamağını təklif edəndə Xaləddin ailəsini atmayacağını bildirib. Başlanan mübahisə qanla bitib.
Uşağın anasını həmin vəziyyətdə görməməsi üçün, onu öz evlərinə aparıb. Evdə anasına Güneli öldürdüyünü, qızının müvəqqəti onlarda qalacağını bildirib. DİN “102 xidmətinə” zəng edib, hadisə barədə məlumat verib və polis şöbəsinə gedərək təslim olub.
Məhkəmə-narkoloji ekspertizasının rəyinə görə, Xaləddin Hüseynovda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu aşkar olunub.
Məhkəmə hesab edib ki, Xaləddin Hüseyovun əməli CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə düzgün tövsif edilib. O, həmin maddələrlə təqsirli bilinməli və cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.