Gədəbəy sakinini ölümlə hədələyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edən şəxs bu il yanvarın 21-dən fevralın 3-dək olan müddətdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 2000 manat pul tələb etdiyini, verməyəcəyi təqdirdə onu tüfənglə öldürəcəyini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluq və xuliqanlığa görə məhkum olunmuş R.Bayramov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 490 qram marixuana, 233 ədəd çətənə toxumu, 1 ədəd tərəzi, 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-K” markalı tüfəng götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.
Araşdırmalar aparılır.