Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində 24 sentyabr tarixində törədilən iki qətlin qurbanlarından biri, 1959-cu il təvəllüdlü Bakı şəhər sakini Tamilla Cavadovanın bədənində 54 bıçaq yarası aşkar edilib. Onun anası, 1932-ci il təvəllüdlü Simuzər Cavadovanın bədənində isə 36 bıçaq yarası qeydə alınıb.
Bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Xatırladaq ki, 12:00 radələrində törədilən cinayət barədə iki saat sonra məlum olub. Bu vaxt müddətində cinayətkar gizlənə bilib. Lakin əməliyyatçılar 24 saat ərzində şübhəlini saxlayıblar. T. Cavadovanın qardaşı oğlu həmin rayon ərazisində tapılıb.
Cinayətin motivi də müəyyənləşdirilib. İlkin məlumata görə, qətl ailə-məişət münaqişəsi zəminində törədilib.
Ancaq eyni zamanda S.Mustafayev rayonda hamının hörmət etdiyi, ləyaqətli və savadlı insanlar kimi tanıdığı Cavadovlar tərəfindən bəyənilməyən tüfeyli həyat tərzi sürüb.
S.Cavadova uzun illər məktəbdə müəllim işləyib. T.Cavadovanın isə qızı hazırda Almaniyada yaşayır, orada həkim işləyir və ginekoloji onkologiya üzrə ən yaxşı mütəxəssislərdən biri hesab olunur.
24 sentyabrda qadınlar bir daha S.Mustafayevin davranışından və həyat tərzindən narazı olduqlarını bildiriblər. Sonuncu qəzəblənib və bıçaqla qohumlarını öldürüb.
Faktla bağlı araşdırma davam edir.