Rusiyada Azərbaycan vətəndaşı saxlanılaraq, ölkəmizə ekstradisiya olunub.
Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan vətəndaşı Vəliyev Faliq Qalib oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə ilə əlaqədar hazırlıq keçməsinə, xarici xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat-təxribat xarakterli təlimlərə cəlb edilməsinə, fərdi ləqəb altında ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faliq Vəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 (cinayətkar birlikdə (təşkilatda) iştirak etmə), 12.3, 214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.
Faliq Vəliyevin Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilib və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq 2020-ci il avqustun 27-də Azərbaycan Respublikasına ekstradisiya olunub.
Hazırda cinayət işi üzrə araşdırma davam edir.